Azərbaycanın 5 güləşçisi Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala vəsiqə qazanıb.
Sərbəst güləşdə 60 kq çəkidə çıxış edən Sabir Cəfərov həlledici görüşdə Fyodor Baltuevlə (Rusiya) qarşılaşacaq. Yunan-Romada 48 kq çəkidə yarışan Qurbanov Qurban Xviça Abuladze (Gürcüstan) üz-üzə gələcək. 60 kq çəkidə Həsrət Cəfərov Maqomed Qiqiyevlə (Rusiya) güləşəcək.
Qızların mübarizəsində 46 kq çəkidə çıxış edən Gültəkin Şirinova Georgiana-Lavinia Antuka (Rumıniya) ilə üz-üzə gələcək. 61 kq çəkidə yer alan Mərziyə Sadıqova isə Aurora Russo (İtaliya) ilə qarşılaşacaq.
Final görüşləri saat 16:00-da başlayacaq.
Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.