XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2019 - 18:00

Müasir dövrdə kənd təsərrüfatı kooperativlərinin yaradılması və idarə edilməsi:problemlər və perspektivlər

Azərbaycan Respublikasında kooperativ sektorun, xüsusən də aqrar kooperasiyanın yeni dövrün tələblərinə uyğun modern inkişafı istiqamətində ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni strateji xəttin uğurla həyata keçirilməsi üçün bu gün dövlət tərəfindən maksimum səy və lazımi dəstək göstərilərək, məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bu tədbirlər içərisində ən mühüm hesab olunanı isə, ilk növbədə, göstərilən istiqamətlərəuyğun zəruri qanunvericilik bazasının yaradılmasıdır.

Bu sahədə “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nınrolu xüsusi qeyd olunmalıdır.

Burada önəmli olan cəhət odur ki, kooperasiya yönümlü modern fermer təsərrüfatlarının, həmçinin agroemal qurumlarının böyük hissəsinin ölkə regionlarında yaradılmasında əsas məqsəd məhz kənd ərazilərinin infrastruktur səviyyəsini daha da yaxşılaşdırmaq, eləcə də şəhərlə kənd arasıdakı fərqləri tədricən aradan qaldırmaqdan ibarətdir. “Kənd Təsərrüfatı Kooperasiyası haqqında”Azərbaycan Respublikasının Qanununda kooperativlər aşağıdakı kimi təsnifləşdirilmişdir:

I. İstehsal kooperativləri

– kənd təsərrüfatı məhsullarının vahid müəssisə çərçivəsində təşkili məqsədilə vətəndaşlar tərəfindən yaradılan kommersiya təşkilatıdır. Bu halda kooperativin iştirakçıları özlərinin əmlakının və ya pul vəsaitlərinin müəyyən hissəsini birləşdirərək pay fondu yaradırlar. Müəssisənin gəlirləri üzvlərinin pay fonduna qoyuluşlarının nisbətinə uyğun olaraq onlar arasında bölüşdürülür.

II. İstehlak kooperativləri

– kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərə qənaət olunması və ya əlavə gəlir əldə etmək üçün öz üzvlərinin istehsal və maliyyə vəsaitlərinə ehtiyaclarının qarşılanması, məhsul satışının effektiv təşkili məqsədi ilə yaratdığı qeyri-kommersiya təşkilatıdır. Kooperativ üzvləri formalaşdırdıqları xidmətlər hesabına məhsul istehsalını daha səmərəli təşkil etmək imkanı qazanırlar.

III. İstehsal-istehlak (qarışıq) kooperativləri.

-İstehsal-istehlak kooperativləri kənd təsərrüfatı məhsulları istehsalı ilə yanaşı istehlak kooperativlərinin fəaliyyət növünün birini və ya bir neçəsini yerinə yetirirlər. Müasir Azərbaycan gerçəkliyində kooperasiyanın stabil və sivilizasiyalı inkişafını təmin etmək üçün bir sıra mühüm problemlər öz həllini tapmalıdır ki, bunlar da aşağıdakılardır:

idxalı əvəzləyən ixrac yönümlü məhsul istehsalının artırılması;

ekoloji təmiz (orqanik) kənd təsərrüfatı məhsullarının istehsalına üstünlük verilməsi;

 – iri fermer təsərrüfatlarının yaradılması təcrübəsinin daha dagenişləndirilməsi;

kənd təsərrüfatında elmin tətbiqi və intensiv metodlara keçidin sürətləndirilməsi;  daxili bazarın qorunması, fermerlər üçün əlverişli daxili və xarici bazar mühitinin yaradılması

kənd təsərrüfatı məhsullarının istehsalında əvvəlki illərdə olan ənənələri qorumaqla, regionlar üzrə ixtisaslaşmanın daha da dərinləşdirilməsi;inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini öyrənməklə kooperativ hərəkata dair təbliğat-təşviqat işlərinin gücləndirilməsi lizinq servisi şərtlərinin beynəlxalq standartların tələbləri səviyyəsinə nostrifikasiya ediməsi;

kooperasiyanın institusional bazasını təkmilləşdirən və fəaliyyət səmərəliliyini stimullaşdıran daha əlverişli iqtisadi mühitin formalaşdırılması;

əhalinin böyük əksəriyyətinin kənd yerlərində yaşamasını nəzərə alaraq, rayon və kəndlərin internet şəbəkəsi ilə təminatının daha da yaxşılaşdırılması;kooperativ sektorda çalışanları, kooperativ yaratmaq istəyənlər, eləcə də özəl qurumlar üçün kənd təsərrüfatı və kooperasiya ilə bağlı tədris-təbliğat xarakterli, kitab, broşüra, metodiki vəsaitlərin və müxtəlif topluların hazırlanması, bu sahə üzrə dövrü mətbuatda silsilə yazıların dərc edilməsi, televiziya, radio müxtəlif saytlar və s. kütləvi informasiya vasitələrindən istifadə etməklə bu vacib sahədə əldə edilmiş nailiyyətlərin təşviq edilməsi, yol verilmiş nöqsanların isə aradan qaldırılması yollarının göstərilməsi.-

ABŞ, İtaliya, Almaniya, Hollandiya, Belçika, Türkiyə, Çin, Koreya, İsrail və s. ölkələrin təcrübəsindən istifadə etməklə, fermerlərlə istehsal-texniki xidmət işinin təşkili üzrə Texniki Xidmət Kooperativlərinin yaradılması və s.

KOOPERATİVİ NECƏ YARATMALI?

İlk öncə öz payçılarınızı (komandanızı) yığın. Üzvlərin sayı minimum 5 nəfər olmalıdır. Bu şəxslər kimlər ola bilər? fermerlər, işləyənlər, işsizlər, 16 yaşına çatmış istənilən şəxslər, o cümlədən iqtisadçılar, həkimlər, məktəblilər, müəllimlər, mühəndislər və digər peşə sahibləri. Vacib deyil ki, onlar mütləq işləsin, onlar işləməyə də bilərlər. Lakin bu şərtlə ki, pul verib, kooperativə üzv olub, ilk qazancdan başlayıb öz gəlirini əldə edə bilərlər. Bir qayda olaraq, kooperativdə hamı işləyir.

Belə ki, üzvlərin böyük əksəriyyəti öz kooperativlərində özləri çalışır. Onlar kooperativin biznes fəaliyyətindən əldə etdikləri gəlirindən başqa, pul və ya məhsul formasında ödəniş də ala bilərlər.

Pis işləyənlər, ümumi işə mane olanlar səsvermə yolu ilə kooperativ üzvlüyündən çıxarılırlar.Yuxarıda qeyd etdiyimiz kimi işləməməyə icazə verilə bilər. Lakin kooperativdə işləyib, tənbəllik edənlərə yer yoxdur. O, tənbəllik edə bilər, bir şərtlə ki, qoyduğu paydan əlavə də məbləğ ödəməlidir. İşləməyən üzvlər, ümumi üzvlərin maksimum 25%-ni təşkil edə bilər. Muzdlu işçilər 30%-dən çox ola bilməz.

Lakin bir qayda olaraq, kooperativlərdə əvvəlcədən qərar qəbul edilir ki, xalis gəlirin maksimum 50%-i divident formasında verilə bilər. Kooperativin üzvlüyünə qəbulu kooperativin sədri deyil, kooperativin bütün kollektivi səsvermə yolu ilə həyata keçirə bilər. Kooperativdən çıxma, qoyduğu payını götürmək şərtilə, könüllüdür. Lakin bölünməz əmlakdan ona heç bir kompensasiya ödənilməyəcək. Tutaq ki, kooperativ yarandıqdan sonra ümumi paylar hesabına yeni bir bina və ya başqa əmlak alınmışdır.

Bu əmlak kooperativin balansında qalacaqdır. Üzvlükdən çıxan kooperativ üzvünə həmin əmlakdan pay faizi verilmir. Kooperativ üzvü öz payını kooperativ üzvlərinə sərbəst sata bilər. Lakin əgər kənar şəxsə satmaq istəyirsə, bunu yalnız səsvermə yolu ilə edə bilər.

Əgər kooperativin üzvləri 10 nəfərdən çox olarsa, onda idarə heyəti yaradılır. İdarə heyəti sədrin rəhbərliyi ilə təşkilatın idarə edilməsində fəal iştirak edir. Kooperativ üzvlərinin sayı 50 nəfərdən çox olduqda isə, idarə heyətinin işinə nəzarət edən Müşahidə şurası yaradılır.

Növbəti mərhələ kooperativin Nizamnaməsinin yazılmasıdır. Nizamnamədə kooperativin adı, yaradılmasının məqsədi, vəzifələri, fəaliyyət öhdəlikləri və s. göstərilməlidir. Qeydiyyatdan keçmək haqqında təsdiq edilmiş bütün sənədlər əlinizdə olduqdan sonra ofis açıb, kooperativin adı və loqosu olan lövhəni ofisin qapısından asırsınız. Kooperativin sədri seçilənlər qarşısında qoyulan tələblər:

Seçilən sədr kooperativi təkbaşına idarə etmək iddiasında olmamalıdır;
Sədr kooperativi başqasına satmaq ixtiyarına sahib deyildir;
Sədr öz əmlakını və payçıların əmlakını riskə qoymamalıdır;
Yarıtmaz fəaliyyəti ilə kooperativi, banklara, dövlətə və s. borclu etməməlidir;

Əgər sədr kooperativin fəaliyyətini riskə qoyursa, deməli, bütün kooperativ üzvlərinə böyük maddi ziyan vurmuş olur. Çünki biz qeyd etmişdik ki, kooperativlərin üzvlərinin, səhmdar cəmiyyətlərinin üzvlərindən fərqli cəhəti məhz bundan ibarətdir ki, kooperativ üzvlər əhalinin az təminatlı təbəqəsindən formalaşır ki, onlar da yalnız, öz maddi güzəranını yaxşılaşdırmaq üçün kooperativə vəsait yönəldirlər. Əgər onlar güzəştli kredit götürüb pay üçün yönətmişdilərsə, təkrar güzəştli kreditə müraciət etmək riskinə girmək istəməzlər və s. Müasir dövrdə kənd təsərrüfatı kooperasiyasının inkişafını daha da sürətləndirmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir:

Fermerlərə verilən kreditlərin təkcə nağd pulla deyil, gübrə, kənd təsərrrüfatı texnikası, yanacaq və s. formalarda verilməsi;

Aqrar sahədə vergi, qiymət siyasətinin, milli istehsalın stimullaşdırılması və daxili bazarın qorunmasına yönəldilməsi;

Qiymətlərin tələb və təklif qanununun tələblərinə uyğunlaşdırılmasının pozulması ilə əlaqədar kəskin qalxıb enməsi zamanı (təbii fəlakət və digər hallarda) fermerlərə dəyən ziyanın ödənilməsi və sığorta qanunvericiliyinin daima möhkəmləndirilməsi;

Torpaq vergisinin kənd təsərrüfatı istehsalçıları üçün sadələşdirilməsi, azaldılması və zəruri hallarda onların (vəziyyət stabilləşənədək) bu vergilərdən tamamilə azad edilməsi;

Kəndin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bu əsasda kənd əhalisinin yeni iş yerləri ilə təmin edilməsi;- Ölkədə kooperasiyanın müvəffəqiyyətli inkişafını təmin etmək üçün həm şəhər, həm də kənd yerlərində əhalinin müxtəlif təbəqələrinin əmək haqları arasındakı fərqlərin minimuma endirilməsi və s.

Həsən Abid oğlu İSRAFİLOV
İqtisad elmləri doktoru, professor