“Şahdağ” Turizm Mərkəzində yaxın gələcəkdə daha bir otelin istifadəyə verilməsi nəzərdə tutulub. Bu otel “Gənclər mehmanxanası” adlanır.
Oteldə gənclər və tələbələr üçün daha sərfəli qiymətə xidmətlər təklif ediləcək. “Gənclər mehmanxanası” mərkəzləşdirilmiş istilik və havalandırma sistemi, pulsuz internet, müasir hamam otağı və kabel televiziyası ilə təmin olunub. Mehmanxananın aşağı mərtəbəsində idman avadanlıqları ilə tam təchiz edilmiş zal yerləşir.
Hazırda isə turistlər mərkəzdə fəaliyyət göstərən yüksək səviyyəli beş otelin xidmətlərindən yararlanırlar.
2012-ci ildən istifadəyə verilən dördulduzlu “Zirvə” oteli əsas lift bazasında yerləşir. Burada 3-ü VİP olmaqla, bütövlükdə 40 nömrə var. Bütün nömrələrdə turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Ailəvi xizəksürmə və dağ otel-evi kimi dizayn edilən “Qaya evləri” otelində 2, 3, 4 və 6 nəfərlik olmaqla, 29 otaq mövcuddur. Otelin xidmət növlərinə uşaq bağçası və idman zalı da daxildir.
“Pik Palas” oteli geniş çarpayılar, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir. Buradakı xidmətlərə 3 restoran və bar, fitnes mərkəzi, idman zalı, saunalar və buxar otağı, qapalı üzgüçülük hovuzu və cakuzi, açıq havada günəş şüası qəbul etmək üçün isidilmiş üzgüçülük hovuzu, SPA mərkəzinin xidmətləri daxildir.
“Şahdağ” Turizm Mərkəzində sayca beşinci olan “Park Chalet” oteli 2015-ci ilin yanvar ayında istifadəyə verilib. Alp üslublu dəbdəbəli bu dördulduzlu hoteldə 164 eleqant qonaq otağı mövcuddur. Hoteldəki restoranlar və barlar dağlarda zövqlə nahar etmək üçün əla seçimdir. Müxtəlif trenajorlar, tam təchizatlı fitnes və SPA mərkəzləri, müasir idman avadanlığı və 20 metrlik qapalı hovuz hotelin istirahət imkanlarını daha da artırır.
Qeyd edək ki, Azərbaycan turizm sahəsinin ən genişmiqyaslı və mühüm əhəmiyyətli layihəsi olan “Şahdağ” Turizm Mərkəzinin tikintisinə hazırlıq işləri 2006-cı ildən başlanılıb. 2009-cu ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub. Artıq 2012-ci ilin qış mövsümündən mərkəz ilk turistləri qəbul etməyə başlayıb. “Şahdağ” Turizm Mərkəzinin ümumi tikintisinin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılıb(azərtac).