XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2016 - 10:23

Bakıda yollar bağlanacaq, polis gücləndirilmiş [color=red]rejimdə işləyəcək

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq, müəyyən vaxt isə yollar tamamilə bağlanacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəki mənbələrdən milli.az-a verilən məlumata görə, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb.

İdarədən bildiriblər ki, həmin gün səhər tezdən Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.

Plana əsasən, Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Bakının Mikayıl Müşviq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində "Teleteatr" binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bununla əlaqədar Yol Polisi İdarəsi sürücüləri həmin gün göstərilən istiqamətlər üzərindən hərəkət edərkən alternativ yollara üstünlük verməyə, ümumiyyətlə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) isə bildiriblər ki, ümumiyyətlə, yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi saat 11:00-dan başlayacaq və axşam saatlarınadək davam edəcək.

Qeyd edək ki, yanvarın 20-də saat 12:00-da bütün respublikada, o cümlədən paytaxtda bir dəqiqəlik sükut elan ediləcək, yollarda bütün avtomobillərdə siqnal, metroda qatarlar, dənizdə isə gəmilər dayanaraq eyni anda fit verəcəklər.