XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2015 - 10:31

MTN-nin generalları toplandı – Tədbir
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 9 may – faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Strateq.az Anspress.com-a istinadən xəbər verir ki, toplantıda Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan – general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak ediblər.
MTN-in Heydər Əliyev adına Akademiyasının rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir iştirakçılarını faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə təbrik edib. Qeyd olunub ki, belə bir tədbirin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təşkil edilməsinin xüsusi mənası və gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti var.
Diqqətə çatdırılıb ki, faşist Almaniyasının keçmiş Sovetlər Birliyinə hücum planlarında Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirib. Bu da səbəbsiz deyil. Alman komandanlığı Bakı neftinə böyük önəm verirdi. Məhz buna görə də faşistlər Bakını 1941-ci ilin sentyabr ayının sonunadək, yəni müharibə başlanan gündən üç ay müddətində işğal etmək niyyətində idilər. Bu ərəfədə qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib.
Qeyd edilib ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın adamdan 300 mindən çoxu həlak olub və itkin düşüb. Müharibədə göstərdikləri şücaətə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni, 170 min Azərbaycan əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları – İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Hüseynbala Əliyev, Qafur Məmmədov, İdris Süleymanov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni səhifələr yazıblar. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut edib.
Tədbirdə çıxış edən general-mayor İ.Allahverdiyev bildirib ki, Azərbaycan bu gün də müharibə şəraitində yaşayır. Torpaqlarımızın iyirmi faizdən çoxu düşmən tapdağı altındadır. Bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi didərgin düşüb. Lakin möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bu gün apardığı xarici və daxili siyasət, iqtisadi inkişaf və ordu quruculuğu üçün gördüyü işlər bizim qəhrəman xalqımızın bu müharibədə də qələbə qazanacağına ümidlərimizi daha da artırır.
Daha sonra, tədbirdə çıxış edən general-mayor Bahadur Hüseynov və polkovnik-leytenant Bəxtiyar Süleymanlı İkinci Dünya müharibəsində keçdikləri döyüş yolundan və müharibənin vurduğu fəsadlardan geniş bəhs edib. Alman faşizmi üzərində qazanılmış tarixi qələbədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki misilsiz rolundan danışıblar.
Tədbirin sonunda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri rəşadətlər barədə film nümayiş etdirilib.