“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib ki, uduzmaqlarına təəssüflənib.
“İki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik. Bəzən gözlənilməz nəticələr olur. Rəqibin təhlükəli epizodunu xatırlamıram. Amma biz belə imkanlardan yararlana bilmədik”, o deyib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “APOEL” oyunu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutub.
Avqustun 6-da keçirilən birinci oyunda “Qarabağ” klubu 2:1 hesabı ilə qalib gəlmişdi.
Qurban Qurbanov “bəzi epizodları saymasaq, komandamın çıxışından razı qaldım” deyib.
O bildirib ki, “APOEL” klubu “həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olub”.
“Uduzmuşuqsa, rəqibi təbrik etməliyik”, baş məşqçi qeyd edib.
“Qarabağ”futbol klubunun vitse-prezidenti Tahir Gözəl klubun layiqli oyun göstərdiyini deyib.
“Əslində, pis taleyimizin başlanğıcı Kiprdəki ilk matçda son saniyədə buraxdığımız qol oldu. Bu, futboldur. Həmişə yaxşı oynayan sevinmir. Rəqibin iki epizodu oldu və qola çevirdilər. Bu duruma çox üzülürəm”, Tahir Gözələ istinadən Report xəbər agentliyi yazır.
Tahir Gözəl onu da deyib ki, “Qarabağ” Avropada yoluna davam etməlidir.
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb, amma klubun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi də bəlli olub.
Klub avqustun 22-ə Şimali İrlandiya klubu “Linfield” ilə üz-üzə gələcək. (Report)