XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2019 - 10:49

Jerar Depardye “Praqa baharı” haqqında filmə çəkiləcək – Leonid Brejnevi canlandıracaq

Fransanın məşhur aktyoru Jerar Depardye 1968-ci ildə Praqada baş verən hadisələr haqqında çəkiləcək filmdə SSRİ-nin keçmiş rəhbəri Leonid İliç Brejnev rolunu oynayacaq.

“Praqa baharı” haqqında filminin prodüsseri bununla bağlı danışıqların aparıldığını bildirib: “Biz cənab Depardye ilə müqavilə imzaladıq. Sentyabrda onunla görüşəcəyik və Parisdə aktyorun komandası ilə filmin çəkilişlərinin təfərrüatlarını müzakirə edəcəyik. Aleksandr Dubçek rolunun ifaçısına gəlincə, bu rolu dünyanın məşhur aktyoru oynamalıdır, onunla danışıqlar hələ davam edir”.

Keçmiş Çexoslovakiyada baş verən hadisələr haqqında filmi xorvat rejissoru Lordan Zafranoviç çəkəcək. O, hadisələr zamanı – 1968-ci ildə Praqanın Kinematoqrafiya İnstitutunda oxuyub. Filmin ssenari müəllifi slovak Karol Qlavkadır. O, hələ ki yalnız ssenarinin birinci hissəsini yazıb və indi Praqada ikinci hissənin üzərində işləyir.

Filmi Slovakiyanın “Leca Production” kinostudiyası çəkəcək, ekran əsərinin büdcəsi 10 milyon avrodan çox olacaq.

Film 2021-ci ilin sonunda Aleksandr Dubçekin anadan olmasının 100 illiyi zamanı hazır olacaq. Ekran əsərinin dünya premyerası 2022-ci ilin başlanğıcında baş tutacaq.

Daha əvvəl bildirilirdi ki, Jerar Depardye keçmiş SSRİ-nin rəhbəri İosif Stalinin obrazını oynayacaq. (Report)