"Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləmir".
Azərbaycan İstanbuldakı Baş Konsulluğundan apa.az-a verilən məlumata görə, F. Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.
İntihar etdiyi bildirilən F.Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir. F.Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin qurucularından olub. Bu Birlik 2012-ci ilin iyununda yaranıb.
Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də "Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi" barədə xəbər yayılıb.
Məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.
F.Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. O, silahla dəfələrlə hədəflərə atəş açaraq, son gülləsini öz başına vurub və yerindəcə keçinib. Küçükçəkməcə Emniyyet Müdirliyi (Polis İdarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. F.Əliyevin meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.