XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Sentyabr 2019 - 13:58

Cahangir Hacıyev son söz deyib –Məhkəmə prosesi

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Cahangir Hacıyev və Dünyamin Xəlilov son sözlə çıxış edib. D. Xəlilov bildirib ki, Beynəlxalq Bankdan götürülmüş kreditlər xaricdəki layihələrə sərf edilib: “Hər hansı mənimsəmə və talama cinayətində iştirak etməmişəm. Barəmdə bəraət hökmü çıxarılmasını tələb edirəm”.

C. Hacıyev isə qeyd edib ki, irəli sürülən 4 milyardlıq ittiham şişirdilib: “Mən bankın pulunu mənimsəməmişəm. Barəmdə bəraət hökmü çıxarılsın”.

Məhkəmə hökm çıxartmaq üçün müşavirəyə gedib. Hökmün elanı qeyri-müəyyən günə qədər təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib. Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib. (APA)