XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 10:22

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişəcək – [color=red]Deputat

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibinə yenidən baxıla bilər.

Bu barədə azvision.az-a komissiyadan məlumat verilib.

Bildirilib ki, bir neçə üzvün dünyasını dəyişməsi ilə əlaqədar komissiyanın tərkibinin yenidən formalaşdırılması gözlənilir.

Qeyd edək ki, 21 nəfərdən ibarət olan Əfv Komissiyasının bir neçə üzvü dünyasını dəyişib, iki nəfər isə komissiyadan çıxarılıb.

Belə ki, Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, AMEA-nın Dilçilik İnstitutunun sabiq direktoru Ağamusa Axundov, Zahid Qaralov dünyasını dəyişib. Ombudsman Elmira Süleymanova isə bir müddət əvvəl Əfv Komissiyasının tərkibindən çıxıb. Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov da komissiyanın üzvlüyündən çıxarılıb.

Onu da qeyd edək ki, hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə də Əfv Komissiyasının tərkibinə yenidən baxılmalı olduğunu bildirib.

Deputat hesab edir ki, komissiya işlək, bacarıqlı və savadlı şəxslərdən ibarət olmalıdır:

“Komissiyanın tərkibində millət vəkilləri, QHT nümayəndələri iştirak edirlər. Yeni tərkibdə Azərbaycanın qanunlarını, hüquq sistemini mükəmməl bilən şəxslər təmsil olunmalıdır. Ziyalı baxışı ilə hər şey tamamlana bilməz. Burada faktlara, törədilən əmələ, ərizələrə hüquqi qiymət verilməsi, onun ictimai təhlükəlilik dərəcəsi, azadlığa çıxan şəxsin cəmiyyət üçün yararlı olub-olmaması məsələsi müzakirə predmeti olmalıdır. Hesab edirəm ki, Əfv Komissiyasına yenidən baxılmalıdır”.