XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 18:37

Fuad Muradov:"Türkiyə və Azərbaycan ali məktəbləri arasında mövcud problemlər həllini tapmaqdadır"

“Türkiyə və Azərbaycanın ali məktəbləri arasında mövcud problemlər həllini tapmaqdadır”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Türkiyədə təhsil alan xarici tələbələrin əksəriyyəti azərbaycanlılardır. Ancaq diplomların qarşılıqlı tanınması və universitetlərarası əlaqələrin qurulması ilə bağlı problemlərimiz vardı. Bunun həlli üçün xüsusi hökumətlərarası komissiyalar fəaliyyət göstərirdi. Türkiyənin vitse-prezidenti Fuad Oktayla Azərbaycanın Baş Naziri Novruz Məmmədovun görüşü zamanı təhsil sahəsi ilə bağlı bir çox məsələlər də müzakirə olundu və fəaliyyət planı təsdiqləndi. İnşallah, yaxın gələcəkdə fəaliyyət planının icrasına başlanacaq”.

F.Muradov İstanbulda fəaliyyət göstərən Azərbaycan məktəblərinin də Diasporla İş üzrə Dövlət Komitəsinin nəzarətində olduğunu və şagirdlərinin problemlərinin həlli istiqamətində işlər görüldüyünü də deyib: “Biz İstanbuldakı bir neçə məktəb tipli müəssisənin fəaliyyəti haqqında məlumatlıyıq. Buarda uşaqlara müəyyən bilik və bacarıqlar verilir. Onların gündəlik məsələlərinin həllinə yardımçı olmağa çalışırıq. Ancaq bu məsələnin birdəfəlik həlli Türkiyədə birinci sinifə gedən balalarımızın sənəd məsələsinin yoluna qoyulmasıdır. Bu problemin həlli üçün əlimizdən gələni edəcəyik. Biz Türkiyənin Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya İdarəsi üzrə Baş Direktorluğu ilə görüşlər keçirmişik. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti də bu məsələdən xəbərdardır və onlarla da görüşlər keçirilib. Çünki bu uşaqların sənədlərinin Bakıdan gəlməsi lazımdır. Artıq müəyyən siyahı da tutulub. Bu siyahı müvafiq qurumlara göndərilib, onlarla sıx əməkdaşlıq halındayıq. Hazırda ciddi bir problemimiz yoxdur və yaxın gələcəkdə məsələnin həll olunacağını düşünürük”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün Türkiyədəki icmaların doğru şəkildə yönləndirilməsi vacibdir: “Biz həm Fransada, həm də Türkiyədə yaşayan həmvətənlərimizə bu istiqamətdə daha çevik addımlar atmalı olduğumuzu tövsiyə etdik. Məhz beynəlxalq təşkilatların gündəliyinə salınan məsələlərdən biri də bu olmalıdır. Çünki bu gün Ermənistan beynəlxalq təşkilatlar və ATƏT-in həmsədrləri qarşısında götürdüyü öhdəliklərin hamısını pozur, bu ölkənin rəhbərliyi məsuliyyətsiz bəyanatlarla çıxış edir. Bu baxımdan biz də öz imkanlarımızdan istifadə edərək adekvat cavab verməliyik”.

F.Muradov Türkiyədə mədəniyyət sahəsində fəaliyyət göstərən azərbaycanlıları bir araya gətirmək məqsədilə yeni layihələr üzərində işlənildiyini söyləyib: “Biz istəyirik ki, Türkiyə ilə mədəni əlaqələri daha da inkişa etdirək. Çünki bu gün Türkiyədə xeyli sayda mədəniyyət və incəsənət xadimlərimiz yaşayır. Onlar burada müxtəlif tədbirlər keçirirlər. İnanıram ki, bu istiqamətdə də fəaliyyət planına uyğun proqramlar həyata keçirəcəyik”. (Report)