XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 11:12

Maqnit qasırğası gözlənilir- Baş ağrıları və miqrenin yüksəlməsi halları ola bilər

Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb tac dəliyindən çıxan yüksək sürətli axınlar effektidir.

Bu gün geomaqnit sahədə ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən sabah günün ikinci yarısından etibarən maqnit qasırğasının olacağı gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı bu gün 5%-dən, sentyabrın 27-28-də uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.

Rəsədxanadan qeyd edilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur: “Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır”.