XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2019 - 19:30

Fransa səfiri:“Jak Şirak Azərbaycanın dostu idi”

Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. 

Sabiq Prezidentin vəfatı ilə əlaqədar səfirliyin binasında Fransanın dövlət bayrağı endirilib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfirliyinə gəlməsindən mütəəssir olub: “Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün səfirliyə gələrək, sabiq Prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər. Dünən isə Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona öz adından və Azərbaycan xalqı adından başsağlığı məktubu ünvanlayıb. Cənab Prezident Emmanuel Makronun tapşırığı ilə başsağlığı məktubuna görə, cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirdim”, – deyə səfir vurğulayıb.

Z. Qros qeyd edib ki, J. Şirak Azərbaycanın dostu idi: “Jak Şirak çətin anlarda sülhün təşviq olunması üçün səylərini əsirgəmədi. Jak Şirak Azərbaycanın təhlükəsizliyinə, stabilliyinə önəm verirdi”.

Səfir J. Şirakın “Heydər Əliyev” ordeni ilə təltif edildiyini xatırladıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransanın ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər, matəm kitabına ürək sözlərini yazıblar.

Xatırladaq ki, dünən Fransanın sabiq Prezidenti Jak Şirak 86 yaşında vəfat edib. J. Şirak 1995-2007-ci illərdə Fransaya rəhbərlik edib. (apa)