Futbol üzrə İngiltərə Premyer Liqasında səkkizinci turun beş oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Liverpul” öz meydanında “Lester Siti” klubuna 2:1 hesabı ilə qalib gəlib.
Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahibləri açıb. Rəqib qapısından topu Sadio Mane keçirib. “Lester Siti” 80-ci dəqiqədə Jeyms Madissonun vurduğu qolu ilə hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Jeyms Milner qələbə topunu vuraraq komandasına növbəti üç xal qazandırıb.
Xatırladaq ki, Yurqen Klopun yetirmələri bu mövsümdə ardıcıl 8-ci qələbəsini qazanıb və 24 xalla turnir cədvəlində birinci pillədəki yerini möhkəmlənləndirib. “Lester Siti” isə 14 xalla üçüncü yeri tutur.
“Liverpul” klubunun çempionluq uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti” oktyabrın 6-da öz meydanında “Volverhemton” komandasını qəbul edəcək.
Turun ən gözlənilməz nəticəsi “Amerikan Express” stadionunda qeydə alınıb. Həmin oyunda Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” səfərdə “Brayton” klubuna böyük hesabla uduzub – 0:3.
Digər üç oyunu belə nəticələnib:
“Börnli” – “Everton” – 1:0,
“Norviç Siti” – “Aston Villa” – 1:5,
“Vatford” – “Şeffild Yunayted” – 0:0.
Hazırda “Vesthem Yunayted”-“Kristal palas” qarşılaşması oynanılır.