XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 May 2015 - 15:25

Leyla Əliyeva sərgidə iştirak edib –FOTO

Leyla_eliyeva_1.jpg

Strateq.az Trend Agentliyinə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” (The Union of Fire and Water) sərgisinin açılışında iştirak edib.

Fonddan Trend-ə verilən məlumata görə, sərgi ilə tanış olan Leyla Əliyevaya ekspozisiyadakı eksponatlar və layihənin ideyası barədə məlumat verilib.

Bildirilib ki, “Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın video-instalyasiyaları izləyicilərin böyük marağına səbəb olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində Azərbaycanın fəal və uğurla iştirakının əhəmiyyətli hal olduğunu qeyd edib. Onun sözlərinə görə, bu iştirak Azərbaycanın müasir incəsənət sahəsindəki rəssamlarını dünyaya tanıtmaq, müxtəlif ölkələrdən olan rəssamlar arasında əlaqələrin genişləndilməsi baxımından vacibdir.

“Odla suyun birliyi” layihəsi Bakı və Venesiya şəhərlərinin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə iki şəhər arasında qarşılıqlı əlaqəni araşdırır. Sərginin nümayişi üçün Venesiyanın Palazzo Barbaronun seçilməsi də təsadüf olmayıb. Belə ki, bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın sahibi Venesiyalı tacir və diplomat İosafat Barbaro idi. Qeyd edək ki, İosafat Barbaro, 15-ci əsrdə öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir etmişdi.

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi mesenat Murtuza Muxtarovun sarayından– 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən-“Səadət Sarayı” kimi tanınan binadan ilham alır. Bu binanı Murtuza Muxtarov çox sevdiyi həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad Ələkbərovun təqdim etdikləri layihə çərçivəsində Muxtarovun sarayı misalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzular araşdırılır.

Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. Almagül Menlibayevanın video instalyasiya bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film, Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət Sərgisində 9 may – 22 noyabr 2015-ci il tarixlərində ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, 2011-ci ildə rəssam Aidə Mahmudova tərəfindən təsis olunan “YARAT” təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.

Bakıda yerləşən “YARAT” təşkilatı özünün nizamnamə çərçivəsində sərgilər, təhsil proqramları və festivallar kimi fəaliyyət növləri ilə, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və xarici rəssam cəmiyyətləri və şəbəkələri arasında əlaqələrin təşviq olunması və təcrübə mübadiləsinin təşkili ilə məşğuldur. “YARAT”-ın təhsillə bağlı təşəbbüslər sırasında mühazirələri, seminarları və gənc rəssamların dəstəklənməsinə yönəlmiş “ARTIM” proqramını da qeyd etmək olar. “ARTIM” proqramı Azərbaycanın istedadlı gənc rəssamlarına öz əsərlərini peşəkar səviyyədə nümayiş etmək imkanlarını bəxş edir. Bundan başqa, “YARAT” yerli müasir incəsənət infrastrukturunun inkişafı ilə bağlı vədlərə əməl edərək, 2012-ci ildə “Yay” sərgi salonunu da yaratmışdır.

Leyla_eliyeva_2.jpg

Leyla_eliyeva_3.jpg