XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

16 Oktyabr 2019 - 16:30

“Ümid” yatağında ikinci platformadan qaz hasilatı daha tez başlaya bilər –SOCAR

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında tikiləcək ikinci platformada ilk qaz hasilatı 2022-ci ilin üçüncü rübünün sonuna planlaşdırılır.

Bunu SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, “Ümid” yatağında yeni platformanın tikintisi çərçivəsində baza mühəndislik işləri tamamlanıb və artıq detallı mühəndislik işlərinə start verilib.

“İstehsalı uzun müddət tələb edən avadanlığın da satın alınmasına başlanılıb. Tikinti şirkətləri artıq qüvvələrini səfərbər etməkdədirlər”, – deyə şirkətin nümayəndəsi əlavə edib.

Mənbə yeni platformada 4 quyunun (+4) qazılmasının nəzərdə tutulduğunu da bildirib.

Qeyd edək ki, öncə “Ümid” yatağında tikiləcək ikinci platformadan ilk qaz hasilatının 2022-ci ilin dördüncü rübündə başlayacağı bildirilirdi. Platformadan ilk quyunun qazılmasına isə 2021-ci ilin sonunda start veriləcək.

Xatırladaq ki, hazırda “Ümid” yatağında bir platforma işləyir. Platformada qaz hasilatı 3 quyudan aparılır. Proqnoza görə, bu il yataqdan 1 mlrd. kubmetrə qədər “mavi yanacaq” istehsal etmək planlaşdırılır.

“Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. /APA