XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2019 - 09:12

Azərbaycan millisinin legionerləri:6-sı oynayıb, 2-si qol vurub

Azərbaycan milli komandasının əksər legionerləri xarici ölkə çempionatlarında həftəsonu növbəti görüşlərini keçiriblər.

Ramil Şeydayev istisna olmaqla, qalan 6 oyunçu əsas heyətdə meydana çıxıb. Onlardan 2-si qol vurub.

Dmitri Nazarov Almaniya II Bundesliqasının X turunda “Aue”nin heyətində “Nürnberq”ə qarşı 90 dəqiqə çıxış edib və 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüş Nazarovun komandasının qələbəsi ilə yekunlaşıb – 4:3. Hazırda “Aue” 18 xalla 4-cü pillədə qərarlaşıb.

Rüfət Dadaşov Almaniya III Liqasının XII turunda “Pröyssen”in heyətində “Qrossaspax”la ev oyununda 90 dəqiqə meydanda olub və 59-cu dəqiqədə sarı vərəqə alıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda “Pröyssen” 11 xalla 18-ci pillədədə gedir.

Eddi İsrafilov İspaniya La Liqa2-nin XII turunda “Albasete”nin heyətində “Fuenlabrada”ya qarşı 90 dəqiqə oynayıb. Görüş İsrafilovun komandasının qələbəsi ilə yekunlaşıb – 1:0. Hazırda “Albasete” 19 xalla 7-ci pillədədir.

Renat Dadaşov icarə əsasında çıxış etdiyi “Pasuş de Ferreyra” Portuqaliya Kubokunun 1/32 finalında “Luletano”nu əlavə vaxtda məğlub edib – 2:1. Qələbə topunu 110-cu dəqiqədə Dadaşov vurub və komandasını 1/16 finala çıxarıb.

Pavel Paşayev “Aleksandriya”nın heyətində Ukrayna Premyer Liqasının XI turunda Kiyev “Dinamo”suna qarşı səfər matçında 90 dəqiqə çıxış edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Hazırda “Aleksandriya” 19 xalla 4-cü pillədədir.

Ramil Şeydayev Rusiya Premyer Liqasının XIII turunda “Krasnodar”la ev oyunu zamanı Moskva “Dinamo”sunun iştirak ərizəsində yer alıb. Lakin o, sonadək ehtiyatda qalıb. Hazırda “Dinamo” 11 xalla 15-ci yerdədir.

Emil Balayev “Tobol”un qapıçısı kimi Qazaxıstan Premyer Liqasının XXX turunda “Ordabası”ya qarşı ev oyununda 90 dəqiqə çıxış edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Tobol” 29 oyundan 59 xalla 3-cü pillədə gedir. (Report)