XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

26 Oktyabr 2019 - 19:49

Azərbaycan Premyer Liqası:“Keşlə” doğma meydanda “Qəbələ”ni məğlub edib

Oktyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının doqquzuncu turunun birinci görüşündə “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

“ASCO Arena”da keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Görüşün 1-ci dəqiqəsində “Keşlə”nin hücumçusu Lorenzo Frutos hesabı açıb. Meydan sahibləri növbəti dəfə oyunun 42-ci dəqiqəsində fərqləniblər. “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli komandasının ikinci qolunu vurub. Birinci hissə elə bu hesabla bitib – 2:0.

Matçın 58-ci dəqiqəsində qonaq komanda vurulan qollardan birinin əvəzini çıxıb. “Qəbələ”nin mərkəz hücumçusu Davit Volkov hesab arasındakı fərqi azaldıb. Lakin qonaqların bundan artığına gücləri çatmayıb.

Beləliklə, “Keşlə” doğma meydanda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçı “Bank Respublika Arena”da baş tutacaq. Bu görüşdə “Sabah” və “Zirə” klubları üz-üzə gələcəklər.

Oktyabrın 27-də “Kapital Bank Arena”da təşkil olunacaq “Sumqayıt”–“Neftçi” oyunu saat 17:30-da başlayacaq. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Səbail” oyunu ilə tura yekun vurulacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Səkkiz turdan sonra turnir cədvəlinə 22 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 15 xal olan “Keşlə” ikinci, 14 xal olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Sumqayıt” (10), “Zirə” (8), “Qəbələ” (6) və “Sabah” (6) yer alıblar(azərtac).