Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Dövlət Gömrük Komitəsində DGK sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən azertag.az-a bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Şuraya DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev başçılıq edir. Yeddi nəfərdən ibarət Şuraya komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.