Gələcəkdə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onunu sözlərinə görə, bu gün isə Bakı metrosu o qədər də uzun mənzilli metropoliten deyil ki, orada bu sistem tətbiq olunsun.
“Bu gün bu, əhəmiyyətsizdir, çünki sərnişinlərin əksəriyyəti eyni məsafəni gedir”, – deyə Ə. Osmanov qeyd edib.
QSC-nin baş mühəndisi metroda gediş haqqının dəyişməsinə dair fikir bildirərək qeyd edib ki, yaxın vaxtlarda gediş haqqının artırılması gözlənilmir: “Bakı metropoliteni MDB ölkələri daxilində, dünya metropolitenləri daxilində gediş haqqına görə ən ucuz metropolitendir. Bu gün təyin olunan 0,30 manat gediş haqqı bir sərnişinə çəkilən xərcin 60%-ni təşkil edir”. (apa)