XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 15:30

Vasif Talıbov mükafatlandırma mərasimi [color=red]keçirdi

 

vasif muka.jpg

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 92-ci ildönümündə muxtar respublika Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” və “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən azertag.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət mükafatlarına layiq görülənləri və Naxçıvan Muxtar Respublikasının 92-ci ildönümü münasibətilə təltif olunanları, onların timsalında muxtar respublika əhalisini, muxtar respublikanın inkişafında, sərhədlərinin və sabitliyin qorunmasında xidməti olanları təbrik edərək deyib:

"Naxçıvan Muxtar Respublikası öz inkişaf mərhələsinə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində çatmışdır. Ulu Öndərin Sovetlər Birliyi dövründə ölkəmizə rəhbərliyi zamanı Azərbaycan Konstitusiyasında Naxçıvan diyarı muxtar respublika kimi, müstəqillik illərində isə muxtar dövlət kimi təsbit olunmuşdur".

Ali Məclisin Sədri deyib:

"Bu gün Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa qovuşmuşdur. Ölkəmizin inkişafı sözdə və rəqəmlərdə deyil, həyata keçirilən tədbirlərdə, real işlərdədir. Bu işləri həyata keçirənlər isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Çalışdıqları sahələrdə öz fəaliyyətləri ilə fərqlənən, ölkəmizin inkişafına töhfə verən insanların əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə fərqlənən, nümunə göstərən insanlardır".

Ali Məclisin Sədri təltif olunanların bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliyini bildirib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Suliddin Əliyev, Sahib Həsənov, Şakir Ağalarov, Nurlan Həsənov, Vüqar Məmmədov və Yeganə Məmmədova minnətdarlıq edərək deyiblər ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikada bütün sahələr inkişaf etdirilir, geniş quruculuq işləri aparılır, sosial islahatlar həyata keçirilir. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndində insanların yaşaması və işləməsi üçün hərtərəfli şərait yaradılıb.

Daha sonra Ali Məclisin Sədri 2014-2015-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuş Culfa şəhəri 2 nömrəli, Naxçıvan şəhəri 14 nömrəli və Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəblərinə, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim edib.

Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Seymur Xudanov, Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbinin direktoru Vidadi Quliyev, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən Tahirə Qasımova mükafata layiq görülmələrini ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, bundan sonra da savadlı və vətənpərvər gənclərin yetişdirilməsi yolunda səylə çalışacaqlarını bildiriblər.

vasif muka02.jpg

 

vasif muka03.jpg