Bakıda iqlim dəyişmələri fonunda isti hava dalğalarının sayı xeyli artıb, soyuq hava dalğalarının sayı isə bir qədər azalıb.
Bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, 1961-1990-cı illərdə, yəni baza dövrünü əhatə edən 30 il ərzində Bakıda cəmi 2 isti hava dalğası qeydə alınıb və onların davamiyyəti 6 gündən çox olmayıb. Sonrakı 25 il ərzində isə 17 isti hava dalğası hadisəsi müşahidə edilib. Onlardan da 14-ü son 14 ildə baş verib.
R.Məmmədov əlavə edib ki, 1961-1990-cı illərlə müqayisədə 1991-2014-cü illərdə soyuq hava dalğalarının orta sayında nisbi azalma müəyyən edilib.
Akademikin bildirdiyinə görə, 1971-1990-cı illərdə soyuq hava dalğalarının sayı 58, son iki onillikdə isə 51 olub:
“Müasir iqlim dəyişmələri dalğaların davamiyyətinin artmasına da səbəb olub”.