XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 11:38

Azərbaycan yığmasının oyunlarında azarkeş antirekordu qeydə alınıb –AVRO-2020

AVRO-2020-nin seçmə mərhələsi Azərbaycan yığması üçün təkcə nəticə ilə deyil, həm də tamaşaçı sayında antirekordla əlamətdar olub.

Tsiklin 4 ev oyununu cəmi 36422 tamaşaçı izləyib.

Ən yüksək göstərici Macarıstanla qarşılaşmada qeydə alınıb. Həmin görüş 10 min 450 tamaşaçı seyr edib.

Bu da başadüşüləndir. Yeni tsikl azarkeşlərdə yeni ümidlər yaradıb. Üstəlik, səfərdə Xorvatiyaya yaxşı müqavimət göstərən komandaya müəyyən ümidlər yaranmışdı. Bütün bunlar da azarkeş sayında əksini tapmışdı.

Hərçənd bəzi mənbələrdə bu göstərici də fərqli ifadə olunub. Görüşü hətta 7500 nəfərin izlədiyi də əksini tapıb.

Amma sonradan məğlubiyyətlər sıralandıqca komandaya inam, ümid də azalıb. Bu da azarkeşlərin sayında əks olunub. Slovakiya ilə qarşılaşmada 8200, Xorvatiya ilə dueldə 9150, Uelslə matçda 8622 tamaşaçı yığmanın matçında olub.

Amma son görüşdə 1000-dən çox böyük britaniyalının arenada olması, elə digər oyunda da Avropadan gələnlərin yer aldığı diqqətdən yayınmamalıdır.

Lakin istənilən halda seçmə mərhələnin ev oyunlarındakı orta tamaşaçı sayı 9106-ya bərabər olub. Bu, milli komandanın Azərbaycanda oynadığı dövr üçün mütləq antirekorddur.

Rəqibləri Türkiyənin Trabzon şəhərində qəbul etdiyimiz AVRO-1996-nı nəzərə almasaq, heç bir turnirdə yığma belə az tamaşaçı toplamayıb. İlk dəfə orta göstərici 4 rəqəmli ədədlə ifadə olunur. Çünki  heç vaxt 10000-dən aşağı düşməyib.

Təbii ki, görüşlərin daha az tutuma malik “Bakcell Arena”da keçirilməsini bəhanə göstərmək olar. Amma bu da azarkeşlərin problemi deyil. Fanatlar da ardıcıl uğursuzluqlardan bezərək yığmanın oyunlarına əvvəlki kimi gəlir.

Yoxsa ki, 15 min tamaşaçı tutumuna malik arenada təxminən 60 faiz dolması heç də müsbət hal deyil.

Millinin təxminən iki dəfə kiçik “Şəfa”da (indiki “ASK Arena”) oynadığı vaxtlarda da, tsiklin bir neçə görüşünü başqa arenaya salmaqla daha yüksək göstəriciyə nail olmaq mümkün olub. Amma bu dəfə AFFA ölkənin 1 nömrəli arenası Tofiq Bəhramov adına Respublika stadionu və ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionuna ehtiyac duymayıb.

Qeyd edək ki, millinin mütləq rekordu DÇ-2010-un seçmə mərhələsində qeydə alınıb. Həmin vaxt orta tamaşaçı sayı 22 min 546-ya bərabər olub.

Turnir oyun orta tamaşaçı
AVRO-1996 5 3800
DÇ-1998 4 18500
AVRO-2000 5 15500
DÇ-2002 5 14620
AVRO-2004 4 11875
DÇ-2006 5 12600
AVRO-2008 6 17667
DÇ-2010 5 22546
AVRO-2012 5 16480
DÇ-2014 5 15012
AVRO-2016 5 18680
DÇ-2018 5 18036
ML-2019 3 16118
AVRO-2020 4 9106

(Apasport.az)