XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 14:44

Vergi Xidməti:Qeydiyyata alınan kommersiya qurumlarının sayı 65%-dən çox artıb

Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə göstərilən geniş dövlət dəstəyi sahibkarlıq mühitinin inkişafına yeni təkan verib. Biznesə başlama ilə bağlı prosedurların sadələşdirilməsi, yeni qeydiyyat sistemlərinin tətbiqi sahibkarların fəaliyyətinin genişləndirilməsinə və vergi ödəyicilərinin sayının artmasına imkan verib.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin noyabrın 1-i tarixinə ölkə üzrə uçotda olan 1 051 624 vergi ödəyicisinin 13,2%-i hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 12% artıb və bunun 99,3%-i kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Cari ilin oktyabr ayında 1 832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5% çoxdur. Kommersiya qurumlarının 71,3%-i elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7%-in vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artım deməkdir. 2018-ci ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5% artaraq 32 820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5% artıb və onların xüsusi çəkisi 2,6% çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 31,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9%-dən 88,7%-dək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.