XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 20:02

ABŞ-ın Azərbaycandan ekstradisiyasını tələb etdiyi pakistanlılar kibercinayətdə ittiham edilir –Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları – 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatı ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Təqsirləndirilən Khani Shah Navazının vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, sənədlərdə təqsirləndirilən şəxslərin ABŞ-ın ərazisində olmadıqları məlum olub və onlar texniki vasitələrlə ABŞ-da kibercinayətkarlıq ediblər.

O, hazırda bəzi məsələlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi ilə danışıqlar apardıqlarını deyib: “Bəzi məsələrlə bağlı biz sorğular göndərmişik. Sorğulara cavab alınması, təxminən, bir aya yaxın çəkir. Bu səbəbdən məhkəmənin bir ay təxirə salınmasını xahiş edirik”

Təqsirləndirilən şəxslər məhkəmədə qısa çıxış edərək Paktistana təhvil verilmələrini xahiş ediblər. Hakim isə bunun mümkünsüz olduğunu bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə təqdimatın təmin edilməməsini tələb edib və Ədliyyə Nazirliyin nümayəndəsi bir ay vaxt verilməsi ilə bağlı vəsatətin təmin edilməməsini istəyiblər.

Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsinin vəsatəti təmin edilib və proses dekabrın 26-na qədər təxirə salınıb.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar. (Report)