XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 16:28

“Görünür, hələ yeni tarix yazmağa hazır deyilik” –Şahin Diniyev

“APOEL-lə oyunlar həlledici oldu. Kiprlilər taktiki cəhətdən “Qarabağ”dan üstün olaraq, qrupdan çıxan tərəf oldu”. 

Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

“Qarabağ”ın Avropa Liqasında pley-offa adlaya bilməməsini şərh edən Məşqçilər Komitəsinin üzvü qrupdan çıxmalı olduğumuzu, ancaq məhz alman məşqçi Tomas Dollun dühasının “Qarabağ”a mane olduğunu vurğulayıb: “Çətin ki, bir də belə şans ələ düşsün. O biri qruplara baxdıqda, ən münasib rəqiblər “Qarabağ”a düşmüşdü. Çox təəssüf ki, şansımız gətirmədi. Şans deyəndə “Qarabağ”la burdakı oyunda yaradılan çoxsaylı qol imkanlarının lazımınca istifadə edilməməsindən gedir. Amma əsas faktor APOEL-in baş məşqçisi Tomas Dollun müdaxilələridir. Ümumiyyətlə, klub çox çevik davranmaqla, düzgün məşqçi seçməklə uğurun yolunu tapdı. Halbuki, “Qarabağ” Çempion Liqasında səfərdə keçirdiyi ilk oyunda rəqibini aşkar üstələmişdi. Doll hər iki oyunda komandasını oyuna doğru kökləyə, əla motivasiya verərək çıxarmışdı. Hiss olunurdu ki, hər şey dəqiqəbədəqiqə hesablanıb, komanda mexanizm kimi işləyir. Ola bilsin, “Qarabağ” gözəl oyuna üstünlük verirdi, amma APOEL təcrübəli Avropa klubu kimi nəticəyə oynadı və istəyinə çatdı. Tarixdə nəticə qalır”.

Ş.Diniyev “Qarabağ”a təzyiq etməyi düzgün hesab etmir: “Əksinə, bu komandaya “çox sağ ol” demək lazımdır. Hansı klubumuz bu mərtəbəyə çatıb? Digərləri hardadır, “Qarabağ” harda? Məşqçilər korpusunun, komandanın üzərində basqı yaratmaq lazım deyil. Bəli, ola bilsin, hardasa səhv buraxılıb, amma məsələyə ədalətli və kompleks yanaşmaq lazımdır. Görünür, ölkə olaraq hələ yeni tarix yazmağa hazır deyilik. Potensialımız zəifdir. U-17, U-19, U-21 hansısa uğur qazananda, potensial haqda mülahizə yürütmək olar. Bunlar yoxdursa, demək ki, hələ üfüqdə qızartı görünmür. “Qarabağ”a təşəkkür etmək lazımdır ki, zəif, rəqabətsiz  çempionatımızı bu şəkildə təmsil edir”.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan “Qarabağ” sonuncu turda “Düdelanj”la matçın nəticəsindən asılı olmayaraq, qrupda qalıb. (apasport.az)