XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2019 - 17:32

“İstanbuldakı nəqliyyat növlərinin Bakıda da tətbiqi istisna olunmur” –Vüqar Məmmədzadə

İstanbuldakı nəqliyyat növlərinin Bakıda da tətbiqi istisna olunmur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə deyib.

O, İstanbulda əsasən sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat qovşaqlarına səfər etdiklərini, müşahidələr apardıqlarını bildirib: “İstanbulda bir neçə növ nəqliyyat vasitəsi fəaliyyət göstərir. Əsas məqsədimiz bir nəqliyyat növündən digərinə keçid üsulları ilə tanış olmaqdır. İstanbuldakı nəqliyyat növlərinin gələcəkdə Bakıda da tətbiqi istisna olunmur. Agentlik bu işləri ictimai nəqliyyatda əhalinin inamını qazandıqdan sonra həyata keçirməyi planlaşdırır. Əsas məqsədimiz əhalinin təhlükəsizliyini tam təmin etməkdir”.

Bakıda yaradılacaq vahid dispeçer xidməti barədə məlumat verən V.Məmmədzadə deyib: “Bu gün Bakıda avtobusların kart sisteminə keçidi və vahid mərkəzdən idarə olunması məqsədilə işlər iki istiqamətdə davam etdirilir. Birincisi avtobusların mərhələli şəkildə kart sisteminə keçididir. Bununla bağlı müxtəlif texniki işlər görülür. Digər istiqamət isə proqram təminatıdır ki, onun da qurulması işləri davam etdirilir. Proqram təminatı sayəsində hər bir avtobus sürücüsünün gündəlik fəaliyyəti, yəni səhər sükan arxasına oturandan axşam iş bitənədək Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən izlənəcək. Hazırda bu işlər daşıyıcıların öz dispeçerləri tərəfindən həyata keçirilir”.