XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 20:35

“Yeni əsasla doktoranturaya qəbulda xarici dil imtahanının nəticəsi ilkin mərhələdə nəzərə alınacaq” –Təhsil naziri

Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların nəticəsi əsasında və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: “Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini mütləq şəkildə peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalı idi və artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik”.

C.Bayramov bildirib ki, 2020-2021-ci ildən başlayaraq həmin təsnifata əsasən, ali təhsil müəssisələrinin tələbə qəbulu həyata keçiriləcək: “Düşünürəm ki, biz bu vaxtdan çox səmərəli istifadə etməliyik və bu müddət ərzində proqramlarda təhsilin məzmununa çox ciddi baxmalıyıq. Məzmun müasirləşdirilməli və zamanın tələbinə, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Dünyada beynəlxalq rəqabətli məzunlar yetişdirmək üçün bu istiqamətə xüsusi diqqət yetirməliyik”.

Nazir qeyd edib ki, doktorantura təhsili ilə bağlı olaraq ilk mərhələdə mövzuların seçilməsindən başlayaraq, ümumilikdə, bütün doktorantura təhsilinin həyata keçirilməsi çox ciddi şəkildə nəzərdən keçirilməlidir: “Burada indiyədək olan boşluqlara diqqət yetirməliyik. Seçilən mövzular reallığa, gələcək tədqiqat və təhqiqi perspektiv nəzərə alınmaqla çox ciddi araşdırma və müzakirə nəticəsində düzgün mövzuların seçilməsinə diqqət yetirməliyik. Doktorantura təhsilinə cəlb olunmuş gənc alimlərin, tədqiqatçıların elmi rəhbərlərinə olan gözləntilər artır. Bu yaxınlarda bizim gənc tədqiqatçıların, doktorantların növbəti illik konfransını keçirən zaman bir sıra statistik rəqəmlər açıqlandı. Doktorantura təhsilinə cəlb edilmiş tələbələrin nəzərdə tutulmuş müddət ərzində mövzularını başa çatdırıb elmi işləri yekunlaşdırma əmsalına baxanda burada çox ciddi geriləmələr görürük. Bu istiqamətə ciddi yanaşaraq növbəti illərdən burada dönüş yaratmalıyıq”. (report)