Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-dan verilən məlumata görə, dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.
Dekabrın 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasıyası istiqamətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Görülmüş tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində saxlanılıb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.