XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 Dekabr 2019 - 18:37

Dövlət İmtahan Mərkəzindən doktorantura və dissertanturaya hazırlaşanlara –Müraciət 

Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşanlara müraciət edib.

DİM-dən Strateq.az-a verilən məlumata görə, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Xarici dil üzrə imtahan DİM tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

Qərarın icra olunmasını təmin etmək məqsədi ilə doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının doktorantura üzrə məsul əməkdaşlarının və xarici dillər üzrə mütəxəssislərinin iştirakı ilə DİM-də görüş keçirilib, imtahana hazırlıq işlərini həyata keçirmək üçün DİM-in əməkdaşlarından və ingilis, alman və fransız dilləri üzrə mütəxəssislərdən ibarət işçi qrupları yaradılıb, doktoranturaya xarici dillər üzrə qəbul proqramları hazırlanıb və qəbul imtahanının modeli müəyyənləşdirilib.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinə (CEFR) və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Danışıq bacarıqlarının yoxlanılması xüsusi hazırlıq işlərinin görülməsini, qiymətləndirməni həyata keçirəcək kadrların hazırlanmasını və təlimlərin keçirilməsini tələb etdiyinə və bu işlərə xeyli vaxt və resurs tələb olunduğuna görə bu sahədə bacarıqların cari qəbul kampaniyası zamanı deyil, növbəti qəbuldan etibarən yoxlanılması planlaşdırılır.

Doktoranturaya və dissertanturaya hazırlaşanlara xarici dillər üzrə qəbul proqramlarını təqdim edirik. Proqramları verilmiş linklərdən (Azərbaycan, rus) yükləyib tanış ola bilərsiniz.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2020-ci ilin yanvar ayında elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilməsi planlaşdırılır.

İmtahanın məzmunu barəsində DİM-in internet saytında əlavə məlumat veriləcək. İmtahandan əvvəl doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur.