XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 17:57

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib –Zakir Qaralov hesabat verib

Yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ildə prokurorluq orqanları digər hüquq mühafizə, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətlərində müəyyən işlər görülüb. Qeydə alınmış həmin cinayətlərin sayı hesabat dövründə əvvəlki illə müqayisədə azalmış, açılma faizi sabit qalıb.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyi sahəsində effektiv nəzarətin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər və Səhiyyə nazirlikləri ilə əlaqəli şəkildə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı ən ciddi mübarizə tədbirlərinin görülməsi nəzərə çatdırılaraq qeyd edilib ki, son günlər saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müşavirədə həmçinin, dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Eyni zamanda Baş Prokurorluğun struktur qurumlarının rəhbərlərindən əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.