Bu gün Milli Məclisdə millət vəkillərinin və QHT rəhbərlərinin iştirakı ilə Avropa Oyunlarına qarşı aparılan kampaniya ilə əlaqədar dinləmələr keçirilir.
“Qafqazinfo” xəbər verir ki, dinləmələrdə çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına qarşı kampaniyalar davamlı şəkildə aparılmaqdadır: “Biz də buna susqun qala bilmərik. Ona görə də belə bir miqyasda dinləmələr keçirməyi qərara aldıq. Avropa Oyunlarının keçirilməsinə bir ay qalır. Oyunlara qarşı aparılan kampaniya qarşı mübarizə aparmaq üçün QHT və media rəhbərlərinin iştirakı ilə koalisiya da yaranıb. Məqsəd ondan ibarətdir ki, bu kampaniyaların arxasında duran adamlara qarşı etirazlarımızı bildirək”.
Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, təəcübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri bu qədər alçaq hərəkətlərə əl atırlar, bunu isə silsilə şəkildə edirlər: “Bu hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir. Son zamanlar vətən xaini Əlikram Hümbətovu AP-yə dinləmələrə dəvət ediblər. Cəbhəni tərk edən hər hansı bir alçağı ora dəvət etmək hansı niyyətdə olduqlarının göstəricisidir. Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlığını qurmaq, tənqid, tərif etmək üçün yetərli qədər platformalar var. Bizlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, ölkəmizə qarşı aparılan kampaniyanın arxasında iki məqsəd dayanır: ” Bunlardan biri Dağlıq Qarabağ problemini ermənilərin xeyrinə həll etməkdir. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Bu günlər siyasi korrupsiya dedikdə lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olmasının adını çəkə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxaalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb. Azərbaycan isə heç vaxt korrupsiyanın olduğunu inkar etməmişdir. Buna qarşı həmişə mübarizə aparılıb və Korrupsiya qarşı Mübarizə İdarəsi, ASAN Xidmət yaradılıb”.