XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 12:45

Bakı Ali Neft Məktəbinin 8 tələbəsi diplom almadan BP şirkətindən iş təklifi alıb –FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) 8 tələbəsi BP şirkətindən iş təklifi alıb. Belə ki, sonuncu – V kursda təhsil alan tələbələr hələ təhsil ilini tam başa vurmayıb və diplomlarını almayıblar.

Bakı Ali Neft Məktəbindən Strateq.az-a verilən məlumata görə, təklif alan BANM tələbələrindən 6 nəfəri (Cavid Əliyev, Xədicə Məmmədova, Əli Nuraliyev, Nihad Abbasov, Sədiqə Balacayeva, İsa Məmmədli) Neft-qaz mühəndisliyi ixtisasının, 2 nəfəri isə (Nigar Cahangirova, Sədayə Ömərova) Kimya mühəndisliyi ixtisasının tələbələridir.

İş təklifi almış tələbələr əsasən BP şirkətinin həyata keçirdiyi yay təcrübə proqramında uğurla iştirak etmiş, eləcə də BP dəyərlərini mənimsəyən və şirkətin müəyyən etdiyi meyarlara cavab verən tələbələrdir. Adıçəkilən tələbələr 2019-cu ilin iyul-sentyabr aylarında BP şirkətində təcrübə keçiblər. Əvvəlcə ingilis dili və qabiliyyət imtahanı verən tələbələr müsahibə mərhələsini də uğurla
keçdikdən sonra təcrübə proqramında iştirak hüququ qazanıblar.

Təcrübəçilər 2 ay müddətində real layihələr üzərində işləyərək həm texniki biliklərini, həm də ünsiyyət, davranış, komanda işi, təqdimat bacarıqlarını inkişaf etdiriblər. Həmçinin təcrübə proqramının yekunu olaraq tələbələr BP-nin mütəxəssisləri qarşısında təqdimatla çıxış ediblər. Əldə etdikləri uğurlu nəticə ilə əlaqədar Bakı Ali Neft Məkəbinin Rektoru Elmar Qasımov tələbələr və onların valideynləri ilə görüşüb. Yüksək nailiyyət münasibəti ilə tələbələri və valideynləri təbrik edən rektor Bakı Ali Neft Məktəbinin hər bir tələbəsi və məzunu ilə qürur duyduğunu bildirib. O qeyd edib ki, BANM-in əsas missiyası yüksək ixtisaslı ingilisdilli mühəndis kadrları ilə yanaşı, tələbələri həyata və dünyaya hazırlamaqdır. Rektor məhz buna görə də, BANM-də təhsil alan gənclərin hətta diplom almadan belə işlə təmin olunduğunu diqqətə çatdırıb. E.Qasımov yarandığı gündən etibarən Ali Məktəbin məzunlarının hər birinin nüfuzlu yerli, transmilli və beynəlxalq şirkətlərdə uğurlu pozisiyalarda işlə təmin olunduğunu vurğulayıb.

Valideynlər çıxış edərək bildiriblər ki, BANM-də tələbələrə beynəlxalq standartlara cavab verən təhsillə yanaşı, onların şəxsi inkişafına hərtərəfli dəstək göstərilir. Qeyd edilib ki, tələbələrə göstərilən xüsusi qayğı onların cəmiyyətə faydalı, müstəqil vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Valideynlər övladlarının diplom əldə etmədən BP kimi nüfuzlu transmilli şirkətdə işlə təmin olunmasından qürur duyduqlarını vurğulayıblar. Tələbələr isə öz növbəsində əldə etdikləri uğurlu nəticəni Bakı Ali Neft Məktəbində aldıqları yüksək təhsil və bacarıqlar, eləcə də onlar üçün yaradılan münbit şərait sayəsində mümkün olduğunu dilə gətiriblər.