XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 20:18

“Azərbaycanda hər cür şərait yaradılıb, amma futbolçular inkişaf etmirlər” –Ağasəlim Mircavadov

“Azərbaycanda futbolçuların inkişaf edə bilməməsinin səbəblərini analiz edəndə ilk növbədə aşağı yaşlılardan başlamaq lazımdır. Hər şey orada həll olunur. Bizdə 15, 16 və 17 yaşa qədər uşaqlar yaxşı gəlir. 17 yaşdan sonra isə vəziyyət yetərincə gərginləşir. Bəzi uşaqlar itir, bəziləri isə inkişaf etmirlər”.

Bu fikirləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov ölkədə futbolçuların yüksək səviyyədə çıxış edə bilməmələri barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, səbəb çox sadədir: “İndiki halda klubların öz akademiyaları mövcuddur. Azərbaycanda 19 yaşadək futbolçular üçün çempionatlar keçirilir. Yalnız U-18-in çempionatı yoxdur. Baxaq və nəzər yetirək ki, çempionat necə keçir. U-15, U-16 yarışları həddindən artıq zəif keçir. Uşaqlar inkişaf etmirlər. Bizim akademiyaların ən böyük səhvi odur ki, 11 yaşlı futbolçular və yuxarı yaşdakılar hər il heç olmasa, xarici klublardakı komandalarla oynamalıdırlar. Bütün bunların hamısı klubların işidir. Onların da maliyyəsi o qədər yaxşı deyil. Bunu əsasən “Qəbələ” bir vaxtlar həyata keçirə bilirdi. 11 yaşdan 16 yaşa qədər komandaları xaricə gedirdilər. Futbolçu inkişafından danışırıqsa, bu, mütləq lazımdır. Uşaq inkişaf edir, təcrübə qazanır. Bununla bərabər məşqçilər inkişaf edirlər”.

Mircavadov deyib ki, oyunçuda ən birinci istedad olmalıdır: “SSRİ dövründə komandalarımızda yerli uşaqlar çox idi. Yığma komandalarda da azərbaycanlılar olub. Düzdür, elə də çox güclü qələbələrimiz olmayıb. SSRİ-də aşağı yaş qrupuna da azərbaycanlı düşürdü. Arif Əsədov, Vladislav Qədirov, Vəli Qasımov və İqor Ponomaryov kimi oyunçularımız olub. Bunlar SSRİ yığmasında oynayıblar, Avropa çempionu da olublar. Bizdə həmişə futbolçu olub. Amma faciəmiz onda başladı ki, məhəllə futbolu itdi. Mən bunu faciə hesab edirəm. Cavan məşqçilər yaşlılardan istifadə etməlidir, etmirlər. Gənclərlə işləyən məşqçilərimiz SSRİ dönəmində yüksək səviyyədə idilər. İndi isə çoxu cavanlarla işləmək istəmir. Məşqçiliyə də aşağıdan başlamaq lazımdır. İndiki halda öyrənmək asandır. Hər şey var. Amma öyrənməklə bərabər özün inkişaf eləməlisən. Futbolçularımız U-17-də oynayırlar, amma oradan yuxarı çıxmağa çətinlik çəkirlər. Yenə bildirmək istəyirəm ki, futbolda istedad çox vacib amildir. İstedadı tapmaq çətindir. Amma tapandan sonra da Azərbaycanda menecerlər yoxdur. Bunun da fikirləşib həllini tapmaq lazımdır ki, cavan uşaqları xaricə göndərmək lazımdır. Gürcüstanda 15-16 yaşlı oyunçuları xaricə apara bilirlər. Niyə? Onlar da MDB-yə daxil olan ölkələrdəndirlər. Cavan uşaqlar Azərbaycanın U-17, U-19 liqasında inkişaf edə bilməz. Onun inkişafının yolu xaricə getməkdir. Xaricə getməyi bizim cavanlar istəmirlər. Bunun da müəyyən səbəbləri var”.

73 yaşlı mütəxəssis ölkədə futbolun inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb: “SSRİ dövründə komandalarla işləyən məşqçilər də çox güclü idi. Oyunçu hazırlamağa da həvəsli idilər. Onda cəmiyyətlər var idi. Həmin cəmiyyətlərdəki məşqçilər klublara yaxşı oyunçular verirdilər. Ənvər Quliyev o vaxt əməkdar məşqçi oldu. Mən də əvvəllər – 1974-cü ildə uşaqlarla işləmişəm. Amma bütün bunlara baxmayaraq, o vaxtlar elə də yaxşı şərait yox idi. İndi isə futbolçular hər cür şəraitlə təmin olunurlar. Etiraf etmək lazımdır ki, məhəllə futbolu da çox məsələləri həll edirdi. Məşqçilər Komitəsi olaraq aşağı yaş qrupları ilə daim maraqlanır, onlara fikir veririk. Bu yaxınlarda U-19 millisi ilə Türkiyənin Antaliya bölgəsində idim. Orada da yaxşı futbolçular var. Amma həmin oyunçular klublarda əsas heyətdə oynamırlar. Ya əvəzedicidə, ya da U-19 liqasında çıxış edirlər. Yaxşı olardı ki, futbolçularımız xaricdə oynasınlar. Futbolun inkişafı ondadır”.

Mircavadov Azərbaycanda arenaların, məşq bazalarının və digər infrastrukturun yüksək səviyyədə qurulduğunu söyləyib. O, futbolçuların inkişaf etməməsində klubların da rolunun olduğunu sözlərinə əlavə edib: “Klublar aşağı yaş qruplarına çox fikir vermirlər. Oradakı məşqçi korpusu da önəmlidir. Məşqçini savadlandırmaq lazımdır. Düzdür, AFFA məşqçiləri oxutdurur və lisenziya verir. Tək lisenziya almaqla məşqçi ola, futbolçu yetişdirə bilməzsən. Cavan məşqçilərə tövsiyə edirəm ki, yaşlılardan çox istifadə etsinlər. Utanmasınlar, istifadə etsinlər. Öyrənmək eyib deyil. Mən indi də, kimdənsə soruşur, öyrənirəm. Futbol gündən-günə inkişaf edir. Futbol dahi oyundur. Futboldan hərtərəfli istifadə etmək üçün savadlanmaq lazımdır. Məsləhət görürəm ki, akadamiyalarda orta yaşlı məşqçilərdən yararlansınlar. Xaricdən əcnəbi dəvət edirlər. Onlar bura maliyyə üçün gəlirlər. Sadəcə deyirlər ki, bu belə olsun, o da elə. Öyrətmək də lazımdır”. (Report)