XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 14:51

“Hazırda Uhanda vətəndaşlarımızdan qalan yoxdur”- Çindən təxliyə olunan Tural Cəfərov

“Uhanda tanıdığım 20-dək Azərbaycan vətəndaşı yaşayıb, hazırda isə şəhərdə vətəndaşlarımızdan qalan yoxdur”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan buraxılan 6 Azərbaycan vətəndaşından biri Tural Cəfərov deyib.

İlk dəfə dekabrın 30-da Çin mətbuatından Uhanda belə bir xəstəliyin yayılması haqda xəbər aldığını deyən Tural Cəfərov iki həftə sonra virusun Çin sərhədlərindən kənarda da aşkar olunması barədə oxuyub: “Dekabrın 31-də Yeni illə əlaqədar xaricdən gələn turistlərlə bağlı insanların toplu halda olduğu yerlərə getməmələri haqqında mediada müraciətlər yayıldı. Əhaliyə virusun yayıla bilmə ehtimalına görə evdən kənara çıxmaması tövsiyə olunurdu. 2 həftə sonra isə belə xəbərlər çox yayıldı. Bizim azərbaycanlılardan bəziləri gedə bildi, bəziləri qaldı”.

T.Cəfərov deyib ki, kifayət qədər böyük, 11 milyonluq əhalisi olan Uhan şəhəri qapalı elan olunsa da, şəhərin içində hərəkət olub: “Yanvarın 23-ü səhər saat 10-dan şəhərdə karantin elan olundu. Yanvarın 24-də artıq Çindəki səfirliyimiz bizimlə əlaqə saxladı, təxliyə olunacağımız barədə məlumat verdi. Yanvarın 31-dək karantində qaldıq. Amma kampusumuz bağlı deyildi, kənara çıxıb ehtiyacımız olan ərzaqları alırdıq. “Uhan boşalıb, küçələr boş qalıb” kimi deyilən fikirlər doğru deyil. Mən orda olanda hərəkətimizə heç bir məhdudiyyət yox idi. Yalnız 3 gün öncə eşitdim ki, universitetimizin kampusu tamamilə bağlanıb”.

Fevralın 1-də Ankaraya təxliyə edildiklərini deyən Tural Cəfərov təyyarədə də tibbi personalın nəzarətində olduqlarını bildirib: “Xəstəxanada olduğumuz 14 gün ərzində də tibbi personal və Azərbaycanın Türkiyədəki səfirliyi yetərincə qayğımıza qaldılar, bütün ehtiyaclarımız qarşılandı. Çox doğma münasibət gördük. Digər vətəndaşlarımız adından da həm Azərbaycan, həm Türkiyə, həm də Çin hökumətinə təşəkkürümüzü bildirirəm”.