“Rio Paralimpiadasında 24 nəfərlə iştirak etmişiksə, bu, bizim ən böyük heyətimiz idi”.
Bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.
O, Tokio-2020 Yay Paralimpiya Oyunları ilə bağlı fikirlərini açıqlayıb. Rəhimov Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında deyib ki, Yaponiya paytaxtında əsas məqsəd daha çox paralimpiyaçı ilə təmsil olunmaqdır: “Tokio-2020 Yay Paralimpiya Oyunlarında 30-32 paralimpiyaçı ilə iştirak etməyi planlaşdırırıq. Bu, qatıldığımız paralimpiadalar tarixində ən geniş heyətimiz olacaq. Eyni zamanda, daha bir fərq ondan ibarət olacaq ki, yığmamız Tokioya daha öncədən – Oyunların başlanmasına çox-çox əvvəldən, ən azından Paralimpiya kəndinin açılışına 10 gün qalmış yollansın. Məqsəd ondan ibarətdir ki, son təlim-məşq toplanışları məhz Yaponiyada keçirilsin. Komandamız oranın iqlim, saat fərqinə uyğunlaşsın. Beləliklə də Oyunların başlanmasına tam hazır vəziyyətdə gəlsinlər, heç bir problem olmasın”.