XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 14:23

“ASAN bot” tətbiqi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemini istifadəyə verib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. Belə ki, “ASAN bot” vasitəsilə vətəndaşlar artıq istədikləri vaxt, 24\7 rejimində və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.

“ASAN bot”un bir sıra digər kommersiya botlarından əsas fərqi onun vətəndaşların daxil etdikləri mətni rahat başa düşməsindədir ki, bu da Süni İntellekt texnologiyasına əsaslanır. Çatbot vətəndaşın ilkin müraciətini başa düşməkdə çətinlik çəkdiyi halda isə ona seçim etməsi üçün menyu təklif edir, müraciətə daha detallı yanaşır.

“ASAN bot”un ilkin olaraq Teleqram tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulub. Beta versiyasında fəaliyyətə başlayacaq botun gələcəkdə daha da təkmilləşdirilməsi və tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Həmin sistem gələcəkdə digər dövlət qurumlarının da bənzər xidmətlərinin göstərilməsi üçün tətbiq ediləcək.

Tətbiqə keçid üçün link: https://t.me/aze_asan_bot