Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən azertag.az-a bildirilib ki, Ali Məclisin Sədri Naxçıvanla Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrdən danışıb, bu sahədəki xidmətlərinə görə Serhan Aktopraka təşəkkür edib. Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən muxtar respublikada kəhriz sistemlərinin bərpası layihəsinin həyata keçirildiyini, həmin dövrdə təşkilat nümayəndələrinin, eləcə də İsveçrə Konfederasiyası Prezidentinin Naxçıvana səfər etdiklərini xatırladan Ali Məclisin Sədri əməkdaşlığın genişləndirilməsinin, xüsusilə miqrasiya sahəsində təlim proqramlarının və kəhrizlərin bərpası layihələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Serhan Aktoprak Beynəlxalq Miqrasiya Təşkilatı ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib, bu istiqamətdə səyini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.