XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 15:53

Ehsan Zahidov:“Polis karantin rejimini pozanın hansı partiyanın üzvü olmasını soruşmur”

“Müxalifətdə olan bəzi şəxslər iddia edirlər ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polis, cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs edir”.

APA-nın xəbərinə görə, bunu DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O, səsləndirilən iddiaların qərəzli və şantaj olduğunu bildirib:

“İlk növbədə deyim ki, belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla məşğul olan bir qrup şəxsdir ki, bəziləri ölkənin daxilində, bəziləri isə xaricindədir. Onların məqsədi, niyyəti xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq, vahimə xofu, təşviş yaratmaq, ən əsası da, dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmağa cəhddən başqa bir şey deyil. Nə demələrindən asılı olmayaraq, dövlət öz vətəndaşının yanındadır, onun sağlamlığının keşiyindədir. O ki qaldı karantin rejiminə nəzarəti həyata keçirən DİN-in əməkdaşlarının və hərbi qulluqçularının, guya, bu vəziyyətdən istifadə edərək həmin pozuculara yaxın olan şəxsləri “ovlamaq”larına, bu, tamamilə qərəz və şantajdır. Təsəvvür edin ki, təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş 154, barələrində digər tənbeh tədbirləri görülmüş 33 min şəxsdən neçəsi bunların “adamları” olub? Qoy olsun 3 nəfər, 5 nəfər. Bəs qalanları kimdir?”

E.Zahidov əlavə edib ki, siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq onların hamısı bizim vətəndaşlardır.

“Karantin rejimini pozan şəxsin hansı peşə sahibi olmasının, hansı  siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını riskə qoyaraq nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da. Mən əminəm ki, pozucu qrup məkrli planına uyğun olaraq, özünün 3-5 nəfər təəssübkeşi qəsdən qaydaları pozur və buna görə də barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparır. Deməli, xüsusi karantin rejimindən polis deyil, məhz polisi günahlandıran həmin qaraguruh sui-istifadə edir. Bir daha vurğulayıram ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır, – deyə o bildirib.