XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 11:03

Brakonyerlər barəsində cinayət işi qaldırılması üçün bütün addımlar atılacaq- Nazirlikdən açıqlama

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən milli parkın Oğuz bölməsinin ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, araşdırma zamanı ov edənlərin Oğuz rayon sakinləri Dilqəm Səfərov, Novruz Vəliyev və Bəbirxan Şahmuradov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi və ovlanmış Dağıstan turu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 3000 manat məbləğində cərimə olunub.

H.Əlizadə qeyd edib ki, dünyanın bir çox ölkələrində sayı azalmaqda olan Dağıstan turu yalnız Cənubi Qafqazda və Qafqazın bir neçə dağlıq ərazisində qalıb.

“Bu növün ən çox sayı isə Azərbaycandadır. Bunun da səbəbi dövlətin apardığı mühafizə tədbirlərinin nəticəsidir. Amma Dağıstan turunun qadağan olunan vaxtda kortəbii şəkildə ovlanması sayının  azalmasına və gələcəkdə kökünün kəsilməsinə səbəb ola bilər. Biz Nazirlik olaraq bu faktı qeyri-insani hərəkət kimi qiymətləndiririk.

Hansısa bir məbləğdə cərimə etməklə yəqin ki, iş bitməyəcək, öz tərəfimizdən bütün qanuni və inzibati tədbirləri tətbiq edəcəyik ki,  heyvanların balalama dövründə onlara güllə atan insafsızlar çox ciddi cəzalansınlar. Bütün addımlar atılacaq ki, brakonyerlər barəsində cinayət işi qaldırılsın və ən əsası da odur ki, cəmiyyət  belələrini qınaq hədəfi kimi biabır etsin. Qohumu, qonşusu, kəndlisi  balalama vaxtında məsum heyvana güllə atdığına görə onları aşağılasın, biabır etsin ki, digərləri bu yoldan çəkinsin. Ova hələ iki aydan sonra icazə veriləcək. Çünki hazırda heyvanların balalama dövrüdür”.

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz ov edən şəxslər eyni zamanda koronavirusla bağlı tətbiq edilən karantin qaydalarını da pozublar: “Karantin qaydalarını pozduqları üçün həmin şəxslərin cərimələnməsi üçün polis orqanlarına müraciət edəcəyik. Eyni zamanda həmin adamların qeydiyyatını da aparacağıq ki, gələcəkdə qanunsuz ov faktı baş verdikdə biz ilk növbədə həmin şəxsləri yoxlayaq”.