XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 12:30

Nərgiz Paşayeva:“Böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə, onun parlaq çevrəsi Şərqdə ilk respublikanın yaradıcılarıdır”

 

nergiz

 

Martın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar Palatasının yüksək səviyyəli tədbirləri keçirilən və İngiltərənin keçmiş Baş naziri Aleksandr Duqlas-Hyumun şərəfinə “Hоme Room” adlandırılan məşhur zalda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadan olan həmsədri, Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord German birgə “dəyirmi masa” keçiriblər.

 

Tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, jurnalistlər, alimlər, məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiolarda aparıcı kimi çalışmış, Ssenaristlər Gildiyasının mükafatı ilə təltif edilmiş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin müəllifi xanım Bettani Hyuz, Britaniya parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin, baronessa Endryus, baronessa O'Kahoyn, Oxford Universitetinin Şərqşünaslıq İnstitutunda iki il əvvəl yaradılmış Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, institutun aparıcı professoru Robert Hoyland iştirak ediblər.

 

Cəmiyyətin həmsədri, professor  Nərgiz Paşayeva iştirakçılara bu tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirdi. Humanitar əlaqələrin dünyada çox böyük əhəmiyyət kəsb etdiyini, onların sarsılmaz və qırılmaz olduğunu bildirən professor Nərgiz Paşayeva dedi: “İqtisadi-siyasi əlaqələr qurula da bilər, qırıla da bilər. İnsani münasibətlər, vətəndaş cəmiyyətinin münasibətləri isə bir təməl kimi həmişə etibarlı, yararlı olur. Artıq on ilə yaxındır ki, mən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədriyəm. Bu illər ərzində çox şey qazanmışam. Söhbət yalnız bizim daxilində çalışdığımız, hələ 1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatından getmir, mən böyük mənada İngiltərə cəmiyyətini nəzərdə tuturam. Qədim ənənələrə, şanlı tarixə və mədəniyyətə malik olan bu cəmiyyəti yaxından, daxildən tanımağıma çox şadam. Əminəm ki, bu gün biliklərin mübadiləsi çox vacibdir. İnsanlar öz biliklərinin və müsbət arzularının ardınca gedəndə mənəvi dəyərlərini də aparırlar”.

 

Azərbaycan haqqında növbəti görüşlərdə daha ətraflı müzakirələr aparılacağına ümidvar olduğunu bildirən professor N.Paşayeva dedi: “Mən bir fililoq kimi XX əsrin əvvələrindən başlayaraq 20 ili əhatə edən dövrü araşdırıram və deyə bilərəm ki, 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrü, tarixə qızıl hərflərlə yazılan bir zaman oldu. Bu illərdə baş verən tarixi hadisələr, yaranan dəyərlər olmasaydı, indi gördüyümüz müasir Azərbaycan dövlətinin və cəmiyyətinin mövcudluğu şübhə altında ola bilərdi. Müasir, mədəni, bədii-estetik, proqressiv, elmi-intellektual, insani və ləyaqətli, mənəvi dəyərlərin məhz o zaman, o dövr çərçivəsində bugünkü təməli qoyuldu. Müsəlman Şərqində ilk respublika – Azərbaycan Xalq Cumhuriyyəti (AXC) yarandı. Respublikanın ömrü, əfsuslar ki, 23 ay çəkdi. Amma bu 23 ay tariximizin milli qəhrəmanlıq kvintessensiyasına çevrildi. Azərbaycanda çoxpartiyalı hakimi-mütləq parlament yaradıldı. Qadın və kişilərin bərabərhüquqluluğu, qadınların seçki hüququ, söz və fikir azadlığı elan olundu, bütün vətəndaşlar bərabər hüquqda yaşamaq imkanı əldə etdi, senzuradan azad mətbuat yaradıldı. 60-dan çox jurnal və qəzet nəşr olunmağa başladı, tənqidi, realist və demokratik ədəbiyyatımızın təməli qoyuldu, Şərq ədəbiyyatı üçün yeni ədəbi janrlar və formalar yaradıldı, satirik mətbuat və karikatura janrı inkişaf etdi. Şərqdə ilk opera yazıldı və 1908-ci ildə tamaşa səhnəyə qoyuldu. Qadınlar çadradan azad oldular, onlar aktrisa kimi səhnəyə çıxa bildilər, qızlar üçün gimnaziya yaradıldı. Teatr sənəti inkişaf mərhələsinə qədəm qoydu, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmağa başladı, vacib qanunlar qəbul edildi. Birinci dünyavi universitet yaradıldi, konservatoriya açıldı. Avropa memarlıq üslubunda binalar tikildi.

 

Azərbaycanda demokratik düşüncəli ziyalı elita hakimiyyətə gəldi. Onlar akademik təhsil almış yüksək mənəvi dəyərlərə malik insanlar idı. Böyük vətənpərvər və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə və onun parlaq çevrəsi Şərqdə ilk demokratik respublikanın yaradıcıları kimi ali ideyaları təlqin edirdilər. Bu, azadlıq və hürriyət, demokratiya və bərabərlik ideyaları idi. Respublikanın əsas üstün cəhətlərindən biri də onun Avropa inkişaf yoluna üstünlük verməsində idi. Bir çox məqamlarda həmin ideyalar öz bəhrəsini verdi.

 

Beləliklə, Şimali Azərbaycanda demokratik və müasir ideyalar kök saldı. Təməli o zaman qoyulan ideya və ənənələri biz hazırda qorumağa çalışırıq. Tarixçilər yaxşı bilirlər, 70 ildə bolşeviklərin əldə edə bilmədiklərinə 23 ayda bu respublika nail oldu. Ədalətin, azadlığın, vətənpərvərliyin, mədəni millətlər ailəsinə qovuşmaq istəyinin əməldə, real həyatda təzahürünü verə bildi. Bu dəyərlər həqiqi, unudulmaz dəyərlər idi. Ona görə də heç zaman sovet sisteminin 70 illik saxta ideologiyası gücünə unudula bilməzdi və unudulmadı. Dövlətin himni yazıldı, bayrağı qaldırıldı. Onu da xüsusi qeyd etmək istərdim ki, 1918-ci il dekabrın 7-də üçrəngli bayraq parlament binasında ucaldıldı. Üçrəngli bayrağın qaldırılmasına o zaman Azərbaycanda olan ingilis qubernatoru general Tomsonun böyük dəstəyi olub. O, Bakının qubernatoru olan müddətdə insanlar özünü daha rahat hiss edirdilər. Məhz onun təlimatı əsasında üçrəngli bayrağımız respublika devrilənə qədər daim parlamentin binasında ucaldıldı. Həmin bayraq indi də milli bayrağımızdır”.

 

Sonra “dəyirmi masa”nın aparıcısı Lord German çıxış üçün sözü Böyük Britaniyada Azərbaycanın bütün sahələrdə öyrənilməsi üzrə yeganə yüksək statuslu elmi-akademik qurum olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin Şərq fakültəsinin professoru Robert Hoylanda verdi. Professor Hoyland tədbir iştirakçılarına qədim İpək Yolunun təşəkkül tapmasında Qafqaz bölgəsinin rolu və konkret olaraq Azərbaycanın əhəmiyyətindən danışdı. O, maraqlı faktlardan biri kimi Cənubi Qafqaza daxil olmaq üçün İpək Yolunda tarixən iki məkandan istifadə olunduğunu qeyd etdi. Bunların Rusiya ilə Gürcüstan arasında dağ aşırımları və daha rahat olan Xəzər dənizi sahili boyunca Dərbənd və Azərbaycan əraziləri olduğu diqqətə çatdırıldı.

 

Qədim Qafqaz Albaniyası haqqında danışan professor Hoyland onun tarixi və müxtəlif mənbələrdən müasir dövrümüzə qədər gəlib çatan o dövrün abidələrindən danışdı. Bundan sonrakı müzakirələrdə fəal iştirak edən tədbir iştirakçıları tarixi faktları araşdırarkən millətlər arasında bənzərliklərin aşkar edilib diqqətə çatdırılmasının vacib olduğunu qeyd etdilər və bu mənada tarixində bir çox sivilizasiyaları, millətləri və ənənələri, dəyərləri və adətləri özündə birləşdirən Azərbaycan təcrübəsinin özünəməxsus və öyrənilməyə layiq olduğunu qeyd etdilər.

 

Müzakirələrdə iştirak edənlər məmnunluq hissi ilə iki böyük universiteti təmsil edən və bütün fəaliyyətlərini universitetə, təhsilə, tərbiyəyə, tələbəyə, elmə həsr etmiş və hazırda isə Oksford Universitetində Nizami Gəncəvi adına Elmi Mərkəzin rəhbərləri olan hər iki professora və onların simasında biliklərin daşıyıcıları, qoruyucuları və ötürücüləri olan elm, maarif əhlinə bəslədikləri böyük ehtiram və məhəbbəti ifadə etdilər.

 

Bu gün burada Azərbaycan haqqında bilmədiklərini eşidib məlumatlandıqları üçün peşəkar həmsöhbətlərlə üz-üzə, səmimi atmosferdə görüşdüklərindən məmnun olduqlarını bildirdilər.

 

Tədbir zamanı N.Paşayeva dediklərinin sübutu kimi toplaşanlara 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” satirik jurnalının nömrələrinin nüsxəsini, Bakının əsrin əvvəllərində yaradılmış gözəl arxitektura görkəmi haqqında çap edilmiş kitabları nümayiş etdirdi.

 

Həmçinin Bərdədə həyata keçirilən arxeoloji qazıntı işləri haqqında maraqlı söhbətlər aparıldı. Qeyd edildiyi kimi, Bərdə arxeoloji ekspedisiyası Oksford Universitetinin alim və mütəxəssislərindən ibarət idi. Həmin heyətin rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun doktoru və Brasenose Kollecinin elmi tədqiqatçısı P.Vordsvorsdır. Aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan, bütövlükdə Qafqaz bölgəsinin tarixi və mədəni irsinin öyrənilməsi baxımından yeniliklər vəd etdiyi diqqətə çatdırıldı. Yaxın gələcəkdə Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) heyəti Bərdə şəhərində aparılmış tədqiqatların nəticələri barədə Oksford Universitetində, daha sonra MDU-nun Bakı filialında geniş elmi hesabat, eləcə də ictimai təqdimatla çıxış etməyi planlaşdırır.

 

Qeyd edək ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor R.Hoyland və professor N.Paşayevanın birgə təşəbbüsü ilə Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində “Sərhədsiz İrs” təşkilatının Qəyyumlar Şurasının üzvü və rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika D’arkangelo ötən il sentyabrın 15-20-də professor Nərgiz Paşayevanın dəvəti ilə Bakıda və Bərdədə işgüzar səfərdə olub.