XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 12:10

92 iş yerinə 2 687 namizəd iddia edib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası

 

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 5 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün fevralın 9-da elan etdiyi müsabiqə üzrə namizədlərin qeydə alınması başa çatıb.

Bu barədə report.az-a Komissiyanın mətbuat xidmətindən bildirilib.

Müsabiqə üzrə 2 687 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 92,18%-i Dövlət Statistika Komitəsi üzrə olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Məlumatların beynəlxalq mübadiləsi sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (158 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Ətraf mühit statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (143 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Energetika statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (139 namizəd) və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (111 namizəd) olub.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

– dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə – 15 test tapşırığı;

– qanunvericilik sahəsində – 40 test tapşırığı;

– informasiya texnologiyaları sahəsində – 15 test tapşırığı;

– məntiqi düşünmə qabiliyyəti sahəsində – 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (http://dqmk.gov.az/index.php/home/post/1270 ) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.