XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 11:51

Əfqan qaçqınlarına yardım göstərilib –FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə daimi yaşayan əfqan qaçqınlarına və onların ailə üzvlərinə koronavirus pandemiyası və xüsusi karantin şəraitində, eləcə də orucluq dövründə maddi və mənəvi yardımı təmin etmək üçün humanitar misiyanı həyata keçirib.

Strateq.az xəbər verir ki, “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyinə Azərbaycan cəmiyyətinə tam inteqrasiya olunmamış, qaçqın həyatı yaşayan əfqanların qoruyucu, sanitar- gigiyenik vasitələrlə, eləcə də ehtiyacı olan əfqanları zəruri ərzaq məhsulları ilə təmin etmək üçün vəsait ayırıb.

Dünyada və ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması hər bir şəxs kimi əfqanların da səhhətinə, psixoloji durumuna və sosial həyatına neqativ təsir göstərib. BMT QAK-ın göstərdiyi yardımların azalması, iş yerlərinin olmaması, xüsusi karantin rejimində fəaliyyətin məhdudlaşdırılması bu insanları çətin vəziyyətə salıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın informasiyalarını vaxtında ala bilməyən, belə şəraitdə öz hüquqlarını, evdən çıxma mexanizmini bilməyən əfqanların üzləşdikləri problemlərlə bağlı daimi informasiyaya, hüquqi yardıma və sosial xidmətə ehtiyacları var.

Hamımızın gərgin şəraitdə yaşadığı bu dövrdə vətəndaş cəmiyyəti fəallarının bu zəif müdafiə olunan qrupa köməyi ölkəmizin beynəlxalq humanist imicindən, xalqımızın insanpərvərlik duyğusundan xəbər verir, insanlarımızın mənəviyyatını ifadə edir.

Bu günlərdə Ramazan ayı ərəfəsində İctimai Birliyin üzvləri ən çətin vəziyyətdə olan 25 əfqan ailəsində olmuş, onlara ərzaq və tibbi ləvazimatla yardım ediblər. Əfqanlar yardıma görə Azərbaycan hökümətinə, QHT Şurasına və təşkilatın üzvlərinə minnətdarlıqlarını bildiriblər. Belə yardımların davam etdiriləcəyi bildirilir.