XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

02 İyun 2020 - 21:31

Bakıda exspres marşrutların fəaliyyəti dayandırıldı- FOTO

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspres marşrut üzrə sərnişindaşımaları 04.06.2020-ci il tarixindən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumatda bildirilir ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Ekspres marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspres marşrutlara olan tələbatın kəskin ( 84%-dək) azalması müşahidə edilib.

Həmçinin, Agentliyin tələb və tövsiyələrinə əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik.