Eks-sovet kəşfiyyatçısı, hazırda Amerikada maliyyə analitiki qismində çalışan Yuri Şvetsin (onun Vladimir Putinin tələbə yoldaşı olduğu deyilir) Azərbaycanın iki hökumət üzvü, xüsusilə də maliyyə naziri Samir Şərifovla bağlı dedikləri ölkə gündəmini əsas müzakirə mövzusu olaraq alır.
Əksəriyyət bu müsahibənin Azərbaycanda çoxdandır gözlənilən baş nazir postu ilə bağlı ortaya çıxdığı qənaətindədir. Müxalifət düşərgəsi də artıq agent qalmaqalı hadisəsinə münasibətini ifadə edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook səhifəsindəki yazısında hakimiyyətdən izahat tələb edib: “Maliyyə naziri Samir Şərifovun, xarici işlər nazirinin müavini Xələf Xələfovun başqa dövlətlərin agentləri olması barədə məlumatlar yayılıb. Bu məsələ ölkə və dünya mətbuatında geniş müzakirə olunur. İqtidar belə ciddi ittihamlara cavab verməkdən yayına bilməz. Azərbaycan hakimiyyəti məsələ barədə ictimaiyyətə açıqlama verməli, qeyd edilən faktlarla bağlı dərhal ciddi tədbirlər görülməlidir”.
AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, rəsmi və etibarlılığı şübhə doğurmayan sənədlər ortaya çıxmayınca, bütün bu söylənilənlər mülahizə kimi qalır: “Bu mülahizələrin özünün də inandırıcı olub-olmaması dərəcəsi var. Hər halda bu, aparıcı dövlətlərin kəşfiyyatlarının ciddi bir əməliyyatına bənzəyir. Bunun konkret hansı dövlət tərəfindən aparılması barədə müxtəlif dəyərləndirmələr etmək olar. Hər halda, mən də bu versiyanın tərəfdarıyam ki, bu, daha çox Rusiya xüsusi xidmət orqanlarının əməliyyatına bənzəyir. İstər, o müsahibənin meydana çıxması, müsahibənin məzmunu, oradakı informasiyanın təqdim olunma üsulu belə fikirlərə gəlmək üçün əsaslar yaradır. Digər versiyaların da müzakirə hüququ var. Daxildə hakimiyyət məsələsindəki qruplaşmaların da arasındakı ziddiyyətlər, baş nazir postu uğrunda mübarizənin getdiyi barədə deyilənlər də bu məsələyə öz təsirini göstərir. Fikrimcə, burada baş nazir postundan daha çox, faktiki olaraq 2018-ci ildə və ya ona qədər ola biləcək situasiyalarda prezident hakimiyyəti uğrunda mübarizənin də elementlərini görməmək mümkün deyil. Söhbət Samir Şərifovun və ya başqa birisinin baş nazir olması ilə onların prezident olmasından getmir. Güman eləmirəm ki, adı çəkilən ölkələr – ABŞ, Türkiyə, Rusiya üçün Azərbaycanda baş nazir postu həyati dərəcədə önəmlidir. Hər halda Azərbaycandakı siyasi vəziyyətə təsir eləmək baxımından hazırda oynanılan gedişlərdən biridir o müsahibə. Diqqət eləsəniz, o müsahibədə Şərifovla yanaşı, xarici işlər nazirinin müavini Xələf Xələfovun da adı keçir. Bilirsiniz ki, son dövrlərdə Xarici İşlər Nazirliyi ətrafında ciddi hadisələr cərəyan edir. İndi də nazir müavinin adının bu şəkildə çəkilməsi diqqətdən kənarda qalmalı məsələ deyil. İstənilən halda bu iki məsələ ölkənin birinci şəxsinin qarşısına qoyulan və həll edilməsi gözlənilən problemdir. Yaxın dövrdə dövlət rəhbərliyi tərəfindən hansısa münasibətin olmasını gözləmək lazımdır. Bundan sonra məsələyə aydınlıq gələr”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, Yuri Şvetsin açıqlamasının böyük dövlətlərin marağına xidmət etdiyi aydın görünür: “Zahirən, məmurlar haqda ifşaedici məlumatlar kimi təəssürat yaradan açıqlama, bətnində vacib geopolitik dividentlər yaşadır. Şvetsin hansı məqsəd güddüyünü yalnız o özü, yaxud ona bu tapşırığı vermiş instansiya bilir. Biz mümkün olan versiyalara baxmalıyıq. Ehtimallara keçməmişdən əvvəl onu deyim ki, xüsusi vurğulanan Şərifovun adı baş nazir postuna namizəd kimi hallandırıldığı məlum idi və çox böyük ehtimal ki, Şvetsin açıqlamaları bu post uğrunda kürəsəl miqyaslı mübarizənin son fazaya keçməsinin əlamətidir. Maraqlı bir cəhət də müsahibənin ünvanıdır – Ukrayna. Ukrayna geopolitik savaşın krateri, ABŞ-Rusiya toqquşmasının ön ”səngəri" olduğundan, məsələ ətrafında intriqa əmsalı bir qədər də yüksəlir".
Partiya sədrinin ehtimalına görə, Şvets Qərb maraqlarını güdən bəyanat veribsə, deməli Şərifov Rusiyanın baş nazir postuna namizədidir: “Bu yolla Qərbin lider dövləti prezident Əliyevin ABŞ səfərindən əvvəl Rəsi-Zadənin düşünülən xələfinə münasibətini ifadə edir. Ölkə başçısının gözlənilən səfəri sıradan bir səfər olmayacağı mütəxəssislərə aydındır. Bu səfər zamanı nəinki Azərbaycanın, eyni zamanda dövlətimizin təsir göstərdiyi bir sıra regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi olacağı gün kimi aydındır. İqtisadi və maliyyə, beynəlxalq güclərin ədavət məngənəsinə düşmüş Azərbaycan təmsilçiləri, bir sıra özək məsələlərə cavab vermək məcburiyyətində qalacaqlar. Bu məsələlər sırasında Konstitusiya ilə 2-ci adam postunda olacaq şəxsin kimliyi mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu yerdə dünyanın hegemonu ABŞ belə məqamda, Rusiya ilə əlaqələrə malik şəxsin bu zirvəyə yüksəldilməsini istəməyəcək. Digər versiya bunun əksi, ehtimalı birincidən heç də az olmayan Rusiya izidir. Bu halda, Şvets hər hansı bir səbəbdən Moskva maraqlarını güdərək, Şərifovu şərləyir və onu Qərbin qəbul edə biləcək potensial 2-ci şəxsi kimi nüfuzdan salır. Ola da bilər Şərifov hansısa səbəbdən Kremli qane etməsin və ya Putinin bu posta öz namizədi olmuş olsun. Bu halda belə, açıqlama Moskva maraqlarına xidmət göstərə bilər”.
Ə.Əliyev müsahibənin üç gündür dövriyyədə olmasına baxmayaraq, hələlik rəsmi çevrələrin susmasını da maraqlı məqamlardan biri kimi qeyd etdi.