Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan hissədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti-bərpa işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.
Sözügedən layihəyə uyğun olaraq artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib.
Anoloji işlər yamacın üst hissəsində də aparılıb. Burda da svay əsaslı istinad divarı inşa edilib. Qeyd olunan işlərlə yanaşı yamacın aşağısında olan mövcud istinad divarlarının əlavə bərkidilməsi üçün də svay vurma işləri görülüb.