XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2020 - 22:16

Azərbaycanda 92 gündən sonra ilk rəsmi oyun:"Qarabağ" rəqibini darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən “Qarabağ” və “Sabah” komandaları arasında yoxlama oyunu keçirilib.

“Bank Respublika Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejimi dövründəki ilk matçda birinci qolu 2-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Mahir Emreli vurub. Cəmi 13 dəqiqə sonra Xayme Romero hesab arasındakı fərqi 2-yə çatdırıb. 37-ci dəqiqədə Filip Ozobiç 3-cü topu Masazır təmsilçisinin qapısından keçirib. Birinci yarı bu hesabla başa çatıb.

İlk hissənin gedişində komandalar üçün 2 dəfə – 15 və 30-cu dəqiqələrdə su fasiləsi verilib. Bundan əlavə, birinci yarının sonlarında görüşün baş hakimi Kamal Umudlu meydanın kənarında kollektiv məşq edən “Sabah”ın futbolçularına iradını bildirib və onlara 5 nəfərlik qruplar şəklində hazırlaşmağı tapşırıb. Bundan sonra futbolçular iki hissəyə bölünərək isinmə hərəkətlərinə davam ediblər.

İkinci yarıya meydan sahibləri daha fəal başlasalar da, fərqlənən yenə qonaqlar olub. 65-ci dəqiqədə Mahir Emreli baxımlı zərbə ilə hesabı 4:0 edib. Hissənin ortalarında “Qarabağ”ın heyətində Xayme Romeronun qardaşı Daniel Romero meydana daxil olub. İlk hissədə olduğu kimi ikinci 45 dəqiqədə də komandalara iki dəfə su içmək imkanı yaradılıb.

Görüşdə son nöqtəni isə Ovusu Kvabena qoyub. O, 90-cı dəqiqədə komandasının “Sabah” üzərində 5:0 hesablı qələbəsini rəsmiləşdirib.

Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə “Sabah”ın heyətində Mario Marina ikinci sarı vərəqəni görərək meydandan qovulub/Report.