XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 11:44

Ziya Məmmədov Prezidentə hesabat verdi – Açılış

Prezident İlham Əliyev bu gün Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

Strateq.az xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub. Daha sonra nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Qeyd edildi ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. İnşası “Azvirt” MMC tərəfindən aparılan yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub. Bildirilib ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.