ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.
Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2020-2022-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2020-dekabr 2021) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2022 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2022-ci ilin iyul ayında tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin komputer, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar. Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur. ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.
Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin sentyabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədə iştirak. Sənədlərin qəbulu üçün son müddət 27 iyul 2020-ci ildir.
Əlavə məlumat və sənədlərin təhvili üçün aşağıdakı ünvanla əlaqə yarada bilərsiniz:
Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru
E-mail: [email protected]