Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub.
Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar paytaxta sərnişin daşıdığı məlum olub.